Azərbaycanda kraudfandinq platforması operatorunu məhdud məsuliyyətli cəmiyyət və səhmdar cəmiyyəti formasında yaratmaq mümkün olacaq.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü növbədənkənar plenar iclasında müzakirəyə çıxarılan "Kraudfandinq haqqında" Qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun 9.5-ci maddəsində göstərilən siyahıya daxil olan dövlətlərin (ərazilərin) vətəndaşları və ya həmin dövlətlərdə (ərazilərdə) qeydiyyata alınmış hüquqi şəxslər, habelə "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 1.1.1-ci maddəsində göstərilən fiziki şəxslər və qurumlar, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən ofşor zonalarda qeydiyyata alınmış və ya təsisçiləri, mühüm iştirak payının sahibləri və benefisiar mülkiyyətçiləri belə zonalarda qeydiyyata alınmış şəxslər operatorun təsisçisi (iştirakçısı), mühüm iştirak payının sahibi və benefisiar mülkiyyətçisi ola bilməz.
Operatorun fəaliyyətinin müstəsna predmeti səhm və borc əsaslı kraudfandinqin həyata keçirildiyi platformanın idarə edilməsidir.
Operator Azərbaycan Mərkəzi Bankının (AMB) apardığı Kraudfandinq platformalarını idarə edən operatorların reyestrinə daxil edildikdən sonra platformanın idarə edilməsi üzrə fəaliyyəti həyata keçirə bilər.
Operatorun nizamnamə kapitalı və məcmu kapitalı AMB-nin müəyyən etdiyi minimum miqdardan az olmamalıdır. Nizamnamə kapitalının formalaşdırılması və məcmu kapitalın hesablanması qaydasını, habelə strukturunu və tərkibini AMB müəyyən edir.
Operatorun adında "dövlət", "milli", "mərkəzi", "hökumət", "zəmanətli" və ya "sığortalı" sözlərindən istifadə edilməsinə yol verilmir. Operatorun adı cəlb edilən pul vəsaitlərinin təminatlı olması, habelə investorların məruz qala biləcəyi risklər haqqında yanlış təəssürat yarada biləcək digər sözləri özündə əks etdirməməlidir.
Operator fəaliyyətinin effektiv idarə olunmasına, o cümlədən vəzifə bölgüsünə, fəaliyyətinin davamlılığına, habelə maraqlar münaqişəsinin qarşısının alınmasına dair daxili siyasət və prosedurları qəbul etməli və onların həyata keçirilməsi üzrə daxili nəzarət mexanizmlərinə malik olmalıdır.
Operatorun əməliyyat funksiyaları başqa şəxslər tərəfindən həyata keçirilə bilər, bu şərtlə ki, onların fəaliyyəti operatorun daxili nəzarətinin keyfiyyətinə və operatorun bu qanunla müəyyən edilmiş tələblərə əməl etməsinə AMB-nin nəzarət etmək imkanlarına xələl gətirməsin. Operatorun əməliyyat funksiyalarını başqa şəxslərin həyata keçirməsindən asılı olmayaraq, həmin funksiyaların həyata keçirilməsinə görə tam məsuliyyəti operator daşıyır.
Operatorun idarəetmə funksiyalarının yerinə yetirilməsi səlahiyyəti kənar idarəçiyə verilə bilməz.
Həmçinin Azərbaycanda kraudfandinq platforması operatorunun nizamnamə kapitalında mühüm iştirak payının əldə edilməsi Mərkəzi Bankın (AMB) razılığı əsasında mümkün olacaq.
Payın əldə edilməsindən əvvəl operator icazə almaq üçün AMB-yə ərizə təqdim etməlidir.
Bundan başqa, Azərbaycanda səhm əsaslı kraudfandinq üzrə layihə sahibi qismində yalnız səhmdar cəmiyyətləri çıxış edə biləcək.
Sözügedən məsələ müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul olunub.