Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) üzv olan və kartelə daxil olmayan neft hasil edən ölkələrin dekabrın 10-da Vyanada keçiriləcək görüşündə Azərbaycanı Energetika naziri Natiq Əliyev təmsil edəcək.
Bu barədə Energetika Nazirliyindən Oxu.Az-a bildirilib.
“Dövlət başçısının razılığı ilə Azərbaycan bu görüşü dünya bazarından neftin qiymətinin sabitləşməsi üçün vacib hesab edərək toplantıda iştiraka qərar verib.
Azərbaycan dünya neft bazarında tarazlığın və neftin qiymətinin artmasının təmin edilməsi məqsədilə aparılan məsləhətləşmələrdə yaxından iştirak etmiş, o cümlədən Rusiya Federasiyasının Energetika naziri Aleksandr Novakla Azərbaycan energetika naziri N.Əliyev arasında telefon danışıqları olmuş və rəsmi Bakı bu prosesə dəstəyini nümayiş etdirmişdir.
Ümid edirik ki, OPEK və qeyri-OPEK ölkələrinin növbəti bu görüşü də əhəmiyyətli olacaq”, -deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, noyabrın 30-da OPEK üzvü olan ölkələrin Vyana sammitində neft bazarında qiymətlərin sabitləşməsi məqsədilə hasilatın gələn ilin yanvarından 1,2 milyon barel azaldaraq 32,5 milyon barel səviyyəsinə çatdırmaqla əlaqədar razılıq əldə olunub.
Saziş kartelə daxil olmayan ölkələrin isə gündəlik hasilatı 600 min barel azaltmalarını nəzərdə tutur.
U.A.
www.oxu.az