TANAP Türkiyəyə enerji tədarükünün diversifikasiyasına, eləcə də gələcəkdə digər layihələrin həyata keçirilməsinə təkan verəcək.
Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin enerji və təbii sərvətlər nazirinin müavini Səfa Sadıq Aytəkin “Xəzər Neft və Qaz” konfransında bildirib.
Onun sözlərinə görə, Türkiyənin enerjiyə olan tələbatı artır:
“Türkiyə özünün enerjiyə olan tələbatının 73 faizini idxalın hesabına təmin edir. Ümümi enerji tələbatının 40 faizni yerli, 60 faizini isə xarici mənbələr ilə təmin edir”, - Səfa Sadıq Aytəkin deyib.
Nazir müavini çıxışında həmçinin bildirib ki, İraq qazı bazarda öz dinamikliyini qoruyub saxlayır:
“İraq qazı həm Türkiyə, həm də Avropanın qazla təchizatında mühüm rol oynayır. Türkiyənin enerji siyasətinin əsasını enerjini vaxtında, səmərəli, rentabelli şəkildə təmin etməkdən ibarətdir”- deyə o əlavə edib.
Səfa Sadıq Aytekin onu da əlavə edib ki, neft və qaz hasilatı sahəsində texnologiyanın inkişaf etdirilməsi gələcəkdə elektrik enerjisinin ucuz başa gəlməsinə səbəb ola biləcək.
Ülviyyə R. Əli
www.oxu.az