"Son 7 ildə 4 milyon vətəndaşımızı əhatə edən 5 böyük sosial islahat zərfi icra olunub və bu islahatların illik əlavə maliyyə tutumu 7.6 milyard manat təşkil edib".
Oxu.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, cari ildə 5-ci sosial islahat zərfi çərçivəsində 1 yanvar tarixindən minimum əməkhaqqı 16% artırılaraq 400 manata, 1 fevral tarixindən isə minimum pensiya 14.3% artırılaraq 320 manata çatdırılıb:
"Həmçinin, 1 iyul tarixindən sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin, 1 sentyabr tarixindən isə tələbə təqaüdlərinin məbləğləri artırılıb. Eyni zamanda, 1 yanvar tarixindən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb. Ümumilikdə 5-ci sosial islahat paketi 1.9 milyon vətəndaşımızı əhatə etməklə, illik əlavə maliyyə yükü 885 milyon manat, əmək pensiyalarının ilin əvvəlində 8.1%-lik indeksasiyası ilə birlikdə isə illik əlavə maliyyə yükü 1 milyard 400 milyon manat təşkil edib. Aparılan islahatların nəticəsidir ki, cari ildə əhaliyə pensiya ödənişləri ötən illə müqayisədə 10%, pensiyaların orta məbləği isə 9% artaraq 540 manat, yaşa görə pensiyanın orta məbləği isə yenə də 9% artaraq 576 manat təşkil edib".
Mərahim Nəsib