Qeyri-sabit hava şəraitində respublikanın avtomobil yollarında yarana biləcək xoşagəlməz hadisələrin aradan qaldırılması üçün kifayət qədər material ehtiyatı və maşın-mexanizmlər var.
Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin AzərTAc-a bildirdiyinə görə, ehtiyac yaranacağı təqdirdə, yollara səpilməsi üçün 25 min kubmetrdən çox qum, 1700 ton texniki duz ehtiyatı yaradılıb.
Həmçinin 1047 ədəd maşın-mexanizm və nəqliyyat vasitəsi hazır vəziyyətə gətirilib. Hava şəraitindən asılı olaraq, zərurət yaranarsa, texniki duz, qum ehtiyatı, maşın-mexanizmlər və nəqliyyat vasitələrinin sayı da artırılacaq.
P.Mürsəliyev bildirib ki, “Azəryolservis” ASC-nin tabeliyində olan idarə və müəssisələrin 2014-2015-ci illər üzrə payız-qış mövsümünə hazırlıq məqsədilə əmr hazırlanıb.
Əmrə əsasən, avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə ASC-nin mərkəzi aparatında qərargah yaradılıb.
Eyni zamanda, yol istismar idarələri xidmət etdiyi avtomobil yolları üzrə tədbirlər planı hazırlayaraq icrasına başlayıb.
Buraya avtomobil yollarının və yol avadanlıqlarının texniki vəziyyətinə baxış, yol texnikasının, maşın-mexanizmlərin, nəqliyyat vasitələrinin hazır vəziyyətə gətirilməsi, körpülər yerləşən ərazidə çayların yataqlarının, yollarda suötürücü boruların, küvetlərin təmizlənməsi, qum, texniki duz, yanacaq-sürtgü materialları ehtiyatının yaradılması və s. daxildir.
“Bundan əlavə, magistral yollarda, dağlıq rayonlarda, Bakı şəhərində yerləşən avtomobil yolları, prospekt və küçələrdə mövcud vəziyyətlə bağlı operativ tədbirlərin görülməsi üçün ASC-nin mərkəzi aparatında sutkalıq növbətçilik də təşkil olunub. Hazırda avtomobil yollarında nəqliyyatın hərəkəti ilə bağlı heç bir məhdudiyyət yoxdur”, - deyə P.Mürsəliyev əlavə edib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, yanvarın 7-dən etibarən Bakıda və Abşeron yarımadasında, eləcə də rayonlarda hava şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, sulu qar və qar yağacağı gözlənilir.
E.Ə.
www.oxu.az