Oktyabrın 27-də Cəlilabad rayonunda olan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi S. Rüstəmova, eləcə də yerli baytarlıq nəzarəti xidmətinin əməkdaşları Cəlilabad rayonunun Alar kəndindəki təsərrüfatlarda nodulyar dermatit virus xəstəliyinə yoluxub müalicə edilmiş heyvanlara baxış keçiriblər.
Oxu.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Cəlilabad rayonuna səfəri müddətində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi S.Rüstəmova yerli bələdiyyə, icra nümayəndələri, fermer və ayrı-ayrı təsərrüfat sahibləri ilə görüş keçirmişdir.
Görüşdə bildirilmişdir ki, nodulyar dermatit virus xəstəliyi baş verəndən bu günə kimi Cəlilabad rayonunun yalnız bir kəndində, Alar kəndində 79 baş iribuynuzlu heyvanda müşahidə olunmuşdur. Xəstəliyin digər kəndlərə keçməsinin qarşısı aparılan ciddi profilaktik tədbirlər, eləcə də yerli rayon icra hakimiyyətinin bilavasitə dəstəyi ilə heyvan bazarının vaxtında bağlanması sayəsində alınmışdır. Həmçinin vurğulanmışdır ki, aparılan dezinfeksiya, dezinseksiya və simptomatik müalicə tədbirlərinin nəticəsidir ki, Cəlilabad rayonunda heyvanlar arasında nodulyar dermatit virus xəstəliyindən tələfat qeydə alınmamışdır.
Təsərrüfatlara baxış və sakinlərlə görüşdən sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi S. Rüstəmova yerli baytarlıq xidməti əməkdaşlarına lazımi məsləhət və tövsiyələrini vermişdir.
Qeyd edək ki, xəstəliyin qarşısını almaq üçün kənd təsərrüfatı naziri cənab Heydər Əsədovun tapşırığına əsasən Cəlilabad rayonuna, eləcə də xəstəlik qeydə alınan digər rayonlara kifayət miqdarda dezinfeksiyaedici, çimizdirmə maddələri və simptomatik müalicə üçün dərman preparatları göndərilmişdir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti nodulyar dermatit xəstəliyi ilə əlaqədar bildirir ki, ölkənin epizootik durumu tam nəzarətdə saxlanılır və xəstəliyə qarşı ciddi mübarizə tədbirləri ardıcıl olaraq davam etdirilir.
Gülnarə Zeynalova
www.oxu.az