Bu halı çirkin niyyətlər üçün istifadə edənlərə imkan verilməməlidir.
Oxu.Az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov “Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı keçirilən görüş zamanı bildirib.
“Bəzən bizə informasiyalar çatır və biz baxırıq. Bizi sevən-sevməyən, daxildə, xaricdə olan qüvvələr var. Çalışın, sizdən sui-istifadə etməsinlər. Bu halı çirkin niyyətlər üçün istifadə edənlərə imkan verməyin. Bu gün komissiya yaradılması barədə müəyyən qərarlar qəbul olunacaq”, - deyə Hüseyn Mövsümov qeyd edib.
PA rəsmisi əlavə edib ki, onlara verilən məlumata görə, anbarda olan mallara ziyan dəyməyib:
“Müəyyən mallar yanğın söndürülən zaman islanıb. Bununla bərabər, dəymiş ziyan ödəniləcək. Ödəniş prezident İlham Əliyevin şəxsi təşəbbüsü və qayğısıdır. Sonrakı mərhələlərdə sahibkarlar dövlət qarşısında hesabat verəcək”.
İlhamə Əbülfət