Poçt bazarındakı mürəkkəb vəziyyət nəzərə alınaraq “Azərpoçt” MMC-nin inkişafı üçün əlavə imkanların yaradılmasına dəstək verilməlidir.
Oxu.Az xəbər verir ki, bu məsələ İsveçrənin Cenevrə şəhərində Ümumdünya Poçt İttifaqının Strateji Konfransı zamanı Azərbaycan tərəfinin poçt sahəsinin gələcək inkişafı üçün verdiyi təkliflərində yer alıb.
Nazirliyin məlumatına görə, bundan başqa təkliflərə ölkəmizə daxil olan bağlamaların EMS vasitəsilə daşınması və çatdırılması məqsədilə EMS-in e-kommersiya platformalarında tanıdılması və ölkə daxilində təşviqi üzrə məqsədyönlü tədbirlərin həyata keçirilməsini, İnnovasiyayönümlü məhsul və xidmətlərin poçt sahəsində tətbiqi məqsədilə MMC-də müvafiq işçi qrupu yaradılması, e-xidmətlərin verilməsində yaxından iştirak etmək məqsədilə bir sıra “ASAN xidmət”lərinin kənd yerlərində poçt şöbələri vasitəsilə həyata keçirilməsinin mümkünlüyünə baxılması daxildir.
Bundan başqa təkliflərdə elektron ticarətin kommersiya sektoru kimi poçtun inkişafında müstəsna rolu və ÜPİ tərəfindən strateji istiqamət hesab olunduğu nəzərə alınaraq bu sahəyə ölkəmizdə diqqətin artırılması, İKT-nin İnkişafı Fondunun dəstəyi ilə regional e-kommersiya platformasının yaradılması və ondan faydalanmaq imkanlarının araşdırılması və sair bu kimi məsələlər də yer alıb.
Qeyd edək ki, konfransda 136 ölkənin Poçt Administrasiyasından 800-dən çox iştirakçı ilə yanaşı beynəlxalq təşkilatların nümayəndələri, həmçinin elektron ticarət nəhəngi “eBay” şirkətinin əməkdaşları iştirak edib.
Ülviyyə R. Əli
www.oxu.az