Azərbaycanın ən gözəl və görməli rayonlarından birində - Qubada inşa olunmuş Rixos Quba oteli yaxın günlərdə istifadəyə veriləcək.
Oxu.Az xəbər verir ki, Quba rayonunun Əski İqrığ kəndində inşa olunan otel kompleksinin ərazisi 65 hektardır.
Ərazidə otel kompleksinin alt qatları ilə birlikdə 8 mərtəbəli binası, 16 kottec, ümumi sahəsi 30 min kvadratmetr olan süni göl, helikopterlərin enməsi üçün meydança və digər yardımçı binalar inşa edilib.
200 yerlik otel kompleksində restoranlar, hovuz, idman meydançası və köməkçi obyektlər də var.
Otel kompleksinin tikintisi inşaat üzrə tanınmış xarici şirkətlərin tam nəzarəti altında, bütün texniki təhlükəsizlik qaydalarına əməl etməklə aparılıb və hazırda dünyada otel biznesi üzrə qüvvədə olan bütün keyfiyyət standartlarına cavab verir.
Rixos Quba otelində istirahət etməyə gələnlər həmçinin premium səviyyəli kotteclərdə də qala biləcəklər.
Rixos Quba otelinin inşası zamanı bütün işçi qüvvəsi Quba sakinlərindən cəlb olunub.
Bundan başqa, otelin istifadəyə verilməsi ilə rayonda bir neçə yüz daimi iş yeri yaradılıb, belə ki, oteldə çalışan əməkdaşların hamısı Quba rayonu sakinlərindən ibarətdir.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın Quba kimi gözəl rayonlarından birində, dağların ətəyində yerləşən belə bir otelin olması bölgəyə xarici turist axınına əlavə stimul verəcək.
Bu isə öz növbəsində Quba rayonunun, ümumilikdə respublikanın şimal zonasının sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək.
Rixos Qubanın möhtəşəm mənzərəsinin fotoşəkillərini diqqətinizə çatdırırıq.






















