Son 10 il ərzində avtomobil yollarının saxlanılması üçün ayrılmış vəsaitin həcmi bir neçə dəfə artıb.
Oxu.Az xəbər verir ki, bu sözləri hakim partiyanın saytına “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov deyib.
“Əgər avtomobil yollarının saxlanılması üçün dövlət büdcəsindən ayrılan vəsait 2003-cü ildə 10 milyon manat təşkil edirdisə, 2008-ci ildə bu məbləğ 147,2 milyon manat olub, 2013-cü ildə isə 222 milyon manat nəzərdə tutulub. Yolların körpülərin, keçidlərin tikilməsi, yenidən qurulması və bərpası üçün milli investisiya qoyuluşunun məbləği 2003-cü ildə 2,4 milyon manat olubsa, 2008-ci ildə bu rəqəm 1,2 milyard manat təşkil edib, 2013-cu ildə bu rəqəm ilkin olaraq 975 milyon manat məbləğində təsdiq olunub” – deyə, deputat vurğulayıb.
C.Qurbanov deyib ki, yol tikintisi üçün son 10 il ərzində 2174 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri, yol tikinti maşınları, avadanlıq və qurğular alınıb, 35 ədəd asfalt beton zavod istifadəyə verilib.
“Azərbaycan yolları MDB məkanında ən yaxşı yollar, Ermənistan və Moldova yolları isə ən pis yollar olaraq müəyyən edilib.
Keyfiyyət göstəriciləri meyarlarını yol infrastrukturuna yatırılan sərmayə, yol qovşaqlarının tikintisi, mövcud olan yolların uzunluğunun əhaliyə olan nisbəti və sair amillər təşkil edir.
Araşdırmaların nəticələrinə görə, Ermənistan mümkün 7 bal üzrə 3,7 balla 144 ölkə arasında 80-ci yeri, qonşu Türkiyə 4,9 balla 43-cü, İran 4 balla 68-ci, Azərbaycan isə 4 balla 67-ci yeri tutub. Beləliklə Dünya İqtisadi Forumun ekspertləri Azərbaycanda yol infrastrukturunda aparılan islahatları yüksək qiymətləndiriblər”.