Bakıda Xəzər dənizində görünən və şəkilləri yayılan, amma sonra yoxa çıxan məşhur “Rezin ördəyi” (başqa adı “Sülh ördəyi) indi Çinin paytaxtı Pekindədir.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, burada “Rezin ördəyi” çayların birində səyahətini davam etdirib. 18 metrlik nəhəng sentyabr ayının sonlarınadək Pekində nümayiş etdiriləcək.
“Rezin ördəyi” bu ilin əvvəllərində Avstraliyanın Sidney şəhərinin sahillərində və Honq-Konqda nümayiş etdirilib. Bundan əvvəl isə o, Osaka, San-Paulu və Amsterdamda “Sülh səyahəti”ni həyata keçirib.
Nəhəng ördək hollandiyalı rəssam Florentin Hofman tərəfindən ərsəyə gətirilib və sülh və həmrəylik ismarıcı vermək üçün 2007-ci ildən etibarən dünya şəhərlərini dolaşır. Ördəyin Pekində səyahəti başa çatdıqdan sonra elə burada qalacağı bildirilir. Belə ki, Hofman ördəyi Pekinə hədiyyə etdiyini açıqlayıb.
Xatırladaq ki, bundan əvvəl “Rezin ördəyin” Bakıda nümayişini təşkil edən “YARAT!” Müasir incəsənət mərkəzi rəsmi Facebook səhifəsində hava şəraiti ilə əlaqədar sentyabrın 5-nə planlaşdırılan tədbirin təxirə salındığını yazmışdı:
“Təəsüflə nəzərinizə çatdırmaq istəyirik ki, qeyri-münasib hava şəraitinə görə 2013-cü ilin 5 sentyabr tarixində Bakı Bulvarında gözlənilən Hollandiya incəsənət xadimi Florentiyn Hofman tərəfindən ərsəyə gətirilən “Rezin Ördək” əsərinin təqdimat mərasimi təxirə salınır. Əfsuslar olsun ki, küləkli hava və dalğalı dəniz Bizi “Rezin Ördəyin” suya buraxılmasından çəkindirdilər. Bununla əlaqədər olaraq 4 sentyabr 2013 ildə Beynəlxalq Muğam Mərkəzində kecirilməsi planlaşdırılan, Florentin Hofmanın `Həyatdan da üstün` adlı mühazirəsi də təxirə salınır. Lütfən, təşkilatımızın veb-səhifəsində və Facebook hesabında tədbirlə bağlı daima yenilənən məlumatları izləyin”.