Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istehsal etdiyi yanacaq “Euro-3” ekoloji standartının tələblərinə cavab verir.
Oxu.Az xəbər verir ki, bunu APA-Economicsə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev bildirib.
Onun sözlərinə görə, SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunda qurulan bütün avadanlıqlar “Euro-3” ekoloji standartına uyğun gəlir:
““Euro-3” və “Euro-4” standartları arasında elə də böyük fərq yoxdur. Hazırda Komitə ilə SOCAR yeni tikiləcək neft-qaz və neft-kimya istehsalı kompleksində yeni standartların tətbiqi ilə bağlı birgə işlər aparır. Biz 1 minə yaxın yeni standart hazırlayacağıq ki, onlardan bu gün yalnız 50-si artıq hazırdır”.
S.Abdullayev bildirib ki, yalnız bu standartlar hazırlandıqdan və Bakıda 2023-2025-ci illərdə istifadəyə veriləcək yeni neft-qaz və neft-kimya kompleksi işə düşdükdən sonra “Euro-5” ekoloji standartına keçid barədə düşünmək mümkündür.