“Şahdəniz” yatağının işlənilməsinin II mərhələsi üzrə “BOS Shelf LLC”, “Saipem Contracting Netherlands B.V.” və “Star Gulf FZCO” konsorsiumu ilə dənizdə daşıma və quraşdırma işlərinə dair iri müqavilə imzalanıb.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, “BP-Azərbaycan” şirkətindən verilən məlumata görə, “Şahdəniz II” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələrinin bir hissəsi olan 1,8 mlrd. dollarlıq bu müqavilənin imzalanması ötən ilin dekabr ayında yekun investisiya qərarının verilməsindən bu vaxtadək layihələr üzrə bütün sahələrdə böyük irəliləyişin göstəricisidir.
Bu müqavilənin iş həcminə hər iki dəniz platformasının dayaq bloklarının və üst modullarının, sualtı hasilat sistemlərinin və sualtı konstruksiyaların dənizə daşınması və quraşdırılması işləri daxildir. Müqavilə həmçinin 360 kilometrdən artıq sualtı boru kəmərinin inşasını, dalğıc dəstək xidmətlərini və üç quraşdırma gəmisinin - “İsrafil Hüseynov” borudüzmə və “Tofiq İsmayılov” dalğıc gəmilərinin, həmçinin “Azərbaycan” kran barjının modernləşdirilməsini də əhatə edir. Bu işlərin 2017-ci ilin sonunadək başa çatdırılacağı gözlənilir.