Həyata keçirilən diversifikasiya siyasətinin nəticəsi kimi, son illərdə qeyri-neft sənayesinin artım tempi sənayenin neft sektorunun artım tempini üstələyib.
Oxu.Az xəbər verir ki, bu barədə, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.
Azərbaycanda qeyri-neft sənayesi məhsullarının ixracı 5 dəfə, sənaye müəssisələrində əsas fondlar 3.9 dəfə artıb və 46.8 milyard manata çatıb.
Nazirin sözlərinə görə, son 10 ildə ölkədə sənayenin inkişafı yeni mərhələyə qədəm qoyub.
“Bu dövrdə ölkə sənayesinə 40 milyard manatdan çox investisiya yatırılıb, sənayenin modernləşdirilməsi və müasir tələblərə cavab verən rəqabətqabiliyyətli sənayenin yaradılması tədbirləri real nəticələr verib”.
Şahin Mustafayev ölkəmizdə qeyri-neft sektorunda nəaliyyətləri qeyd edib və bir sıra yeni müəssisələr haqqında deyib:
“Son 10 il ərzində Sumqayıt Texnologiyalar Parkı, Naxçıvan avtomobil, bərk məişət tullantılarının yandırılması, Qaradağ metal konstruksiyalar, Gədəbəy qızıl-mis emalı, Gəncə alüminium, Mingəçevir elektron avadanlıqları zavodları, Qaradağ sement zavodunun yeni istehsal xətti, “Azbentonit” müəssisəsi, Qəbələ piano, “M-Line”, AZMDF, “EMBAWOOD” mebel fabrikləri, İmişli şəkər, Masazır duz zavodları, Qəbələ və Xaçmazda konserv, Ağcabədi süd məhsulları, Oğuz qarğıdalı emalı və qlükoza istehsalı müəssisələri, eləcə də energetika, maşınqayırma, qida, məişət cihazları, tikinti materialları və digər sahələrdə yüzlərlə müasir sənaye müəssisəsi istifadəyə verilib.
Təkcə 2013-cü il ərzində Bakının Qaradağ rayonunda Gəmiqayırma, Qazaxda sement, Sumqayıtda polad boru, Daşkəsəndə qızıl, Qəbələdə şərab zavodları, Sumqayıtda tekstil parkı, Hacıqabulda seramik plitələr, Abşeronda karton qablar istehsalı müəssisələri, Cənub Elektrik Stansiyası da daxil olmaqla 30-dan çox müasir sənaye müəssisəsi istifadəyə verilib, 90-dan artıq sənaye müəssisəsinin tikintisi isə davam etdirilir və növbəti illərdə istifadəyə veriləcək”.
Həmçinin, müsahibədə nazir yeni və müasir sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində 2003-2012-ci illərdə əlavə dəyər qeyri-neft sənayesində 2,2 dəfə, o cümlədən qeyri-neft emalı sənayesində 2,3 dəfə artımın olduğunu vurğulayıb:
“Sənaye məhsulunda əlavə dəyərin xüsusi çəkisi 53,5 %-dən 78 %-ə, ümumi daxili məhsulun strukturunda sənayedə yaradılmış əlavə dəyərin payı 40.4 %-dən 50 %-ə yüksəlib”.
Azərbaycanda sənayenin inkişafını şərtləndirən amillərdən biri kimi nazir “ilk növbədə ölkəmizdəki makroiqtisadi sabitliyini” qeyd edib.
Müsahibədə nazir Şahin Mustafayev Azərbaycanin iqtisadiyyat və sənaye inkişafı üçün xüsusi rolu ölkəmizin enerji və nəqliyyat infrastrukturlarına ayırıb.
Onun sözləri görə, perspektivli sahələrindən biri yerli xammala əsaslanan metallurgiya sənayesidir.
“Bu sahənin inkişafında 4 zavoddan ibarət olacaq və tam istehsal zəncirinin qurulması nəzərdə tutulan Azərbaycan Polad İstehsal Kompleksi ilə yanaşı, Gəncədə 2-ci alüminium istehsal xəttinin, alüminium yarımfabrikat istehsalı müəssisələrinin tikintisi xüsusi əhəmiyyət kəsb edəcək”.
2014-cü il Azərbaycanda “Sənaye ili”nin elan edilməsi sənayenin inkişaf prosesini diqqət mərkəzinə çevirəcək, deyə, nazir bildirib.
Gülnarə Zeynalova
www.oxu.az