2014-2015-ci illər üçün hərəkət cədvəlinə keçidlə bağlı 1 iyun 2014-cü ildən etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin respublikadan kənara hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəlində bəzi dəyişikliklər ediləcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, 55/56 və 95/96 saylı Bakı-Moskva sürət qatarlarının yola düşmə, çatma vaxtları və Bakıdan yola düşmə günləri dəyişdirilir.
Məlumata görə, 55/56 saylı Bakı-Moskva-Bakı sürət qatarı “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus heyətlə Bakıdan həftənin IV günləri və 95/96 saylı Moskva-Bakı-Moskva sürət qatarı “Rusiya Dəmir Yolları” ASC-yə məxsus heyətlə Bakıdan həftənin II və VI günləri saat 00.30-da yola düşəcəklər.
Qatar Moskvaya saat 04.15-də çatacaq və saat 20.20-də Moskvadan yola düşəcək. 55/56 nömrəli Bakı-Moskva-Bakı sürət qatarının Bakıya çatma vaxtı həftənin II günləri saat 06.00-da olacaq, 95/96 saylı Bakı-Moskva sürət qatarı isə həftənin I və V günləri saat 06.00-da çatacaq.
ADY-nın məlumatına görə, 369/370 saylı Bakı-Xarkov sərnişin qatarı (“ADY” QSC) ayın tarixləri ilə saat 21.50-də Bakıdan yola düşəcək, Bakıya isə saat 3.50-də çatacaq. Hər iki istiqamətdə müvəqqəti olaraq 369/370 Bakı-Xarkov-Bakı sərnişin qatarının marşrutu dəyişdirilib.
Bununla əlaqədar olaraq, ləğv olunanadək Qorlovka, Konstantinovka, Kramatorsk, Slavyanskiy Kurort, Krasnıy Liman, Bukino stansiyalarına bilet satışı dayandırılır. Bilet satışı İlovaysk stansiyasından sonra yalnız Xarkov sərnişin stansiyasına aparılacaq.
373/374 saylı Bakı-Tümen sərnişin qatarının (“Rusiya Dəmir Yolları”ASC) hərəkəti günaşırı öz hərəkət cədvəli və sxemi üzrə saxlanılır.
Qatarın tərkibində qoşma Çelyabinsk-Bakı, Ufa-Bakı, Samara-Bakı, Saratov-Bakı vaqonlar yeni qrafiklə hərəkət edəcəklər. Novosibirsk-Bakı birbaşa vaqonu il boyu, günaşırı təyin olunur. Yay mövsümündə yeni Orenburq-Bakı birbaşa vaqonu təyin olunur. 373/374 saylı Bakı-Tümen qatarının marşrutunda dəyişiklik ediləcək. Bununla əlaqədar olaraq Volsk, Balakovo, Puqaçovsk stansiyalarına bilet satışı bağlanacaq və əvəzində Kulatka, Vozrojdeniye, Sızran-şəhər stansiyalarına bilet satışı təşkil ediləcək.
391/392 saylı Bakı-Rostov sərnişin qatarı (“Rusiya Dəmir Yolları” ASC) ayın tarixləri ilə saat 21.50-də Bakıdan yola düşəcək, saat 3.50-də Bakıya çatacaq.
38/37 saylı Bakı-Tbilisi sərnişin qatarı (“ADY” QSC) öz hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcək.
Yerli qatarlar:
98/97 nömrəli Bakı-Ağstafa-Qazax qatarı saat 22.45-də (22.05 əvəzinə) Bakıdan yola düşəcək və saat 10.25-də (9.40 əvəzinə) Qazaxa çatacaq. Qatar saat 18.35-də (19.05 əvəzinə) Qazaxdan yola düşəcək və saat 7.10-da (7.25 əvəzinə) Bakıya çatacaq.