SOCAR-AQŞ “Qərbi Abşeron” yatağında daha bir horizontol quyuda qazma işlərini uğurla başa çatdırıb.
Bu barədə şirkətdən Oxu.Az-a bildirilib.
“Layihə dərinliyi 890 m olan 25 saylı quyunun qazılmasına 11 fevral 2016-cı il tarixində başlanılıb. Faktiki dərinliyi 840 metr təşkil edən quyu qazılması cari ilin 2 mart tarixində yekunlaşıb. Quyu Qırmaki Dəstə-3 (QD-3) horizontuna maksimum 62 dərəcə bucaq altında qazılıb.
25 saylı quyuya 7 düymə istismar kəməri endirilib, 720 metrdən 840 metrəyə qazılmış açıq lüləyə isə 4.5 düyüm yüksək keyfiyyətli süzgəclər buraxılıb. Bu süzgəclərin quyuya buraxılması quyu məhsuldarlığının artması, qumlanmanın qarşısının alınması və stabil hasilatın bərpasına təkan verəcəkdir”, - deyə SOCAR-AQŞ-dən qeyd ediblər.
20 saylı stasionar dəniz özülün qurğu rəisi Səyavuş Abdullayev ‘’Qərbi Abşeron’’ yatağında açıq sonluqlu istismar quyusunun qazılmasına münasibət bildirərək qeyd edir ki, quyuların iqtisadi səmərəli və vaxtından tez qazılması həqiqətən təqdirə layiq haldır.
‘’Biz 20 saylı özüldə artıq 4-cü quyunu tamamlayaraq sifarişçiyə təhvil verdik. Qazma briqadamızgetdikcə özüldə quraşdırılan həm yeni texnika və texnologiyaları daha yaxşı mənimsəyir həm də əldə edilən zəngin təcrübəni digər quyuların qazılmasında uğurla tətbiq edir.
Belə ki, qazma vaxtı təzyiqin ölçülməsi (PWD) və məhlulun ekvivalent dövran sıxlığı (ECD)vasitəsilə biz məhlulun yaratdığı hidrostatik təzyiqi normada saxlayaraq hidravlik yarılmanın qarşısını alırıq.
Bununla yanaşı, müəssisə olaraq qazma vaxtı karotaj-ölçü işlərinin aparılması (LWD) və Geopilot avadanlığından istifadə etməyimiz bizim yeni uğurlar silsiləsindəndirlər. Geofiziki işlərin köməyilə biz quyunun layihə dərinliyini dəqiqləşdirib seksiyaların yerini müəyyənləşdirə bilirik. Daha bir maraqlı fakt ondan ibarətdir ki, bizimlə yanaşı sifarişçi şirkətin əməkdaşları daöz iş otaqlarından qazma vaxtı laylarda gedən prosesləri anbaan izləyə bilirlər’.
Məlumat üçün qeyd edək ki, müəssisə öz əməliyyatlarında təkcə quyuların sürətlə qazılmasına deyil, həmçinin fəaliyyətinin bütün mərhələlərində təhlükəsizliyin təmin edilməsinə, ətraf mühitin qorunmasına və göstərdiyi xidmətlərin keyfiyyətlə yekunlaşdırılmasına böyük önəm verir.
Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
Ülviyyə R. Əli
www.oxu.az