Bu gün Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) 66 200 nəfər işçi çalışır.
Bunun 44 600 nəfəri isə fəhlə kateqoriyasına aid olan insanlardır. Bu fəhlə kateqoriyasından olan işçilərin də 9-10%-i hər il yenilənir. Bu, yaşla bağlı təqaüdə çıxan və iş yerini dəyişənlərlə bağlıdır. Bu da təqribən 4 min işçi deməkdir. Yəni, SOCAR-ın hər il 4 min işçiyə ehtiyacı var.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu bu gün SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili Mərkəzində yeni tədris ilinin başlaması münasibəti ilə keçirilən tədbirdə jurnalistlərə açıqlamasında SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib.
X.Məmmədov deyib ki, əvvəllər SOCAR bu yeni işçiləri sadəcə küçədən götürürdü:
“Lakin 2005-ci ildə Təlim Tədris Sertifikatlaşdırma İdarəsinin ilk peşə məktəbi açılıb. Birinci il bura 120 şagird daxil olub. Sonrakı illərdə Sumqayıt peşə məktəbini, üçüncü olaraq Qala peşə məktəbini, sonra isə Dənizdə insan həyatının xilas edilməsi üzrə peşə məktəbini açıb. Bu il də Qobustanda yeni bir məktəb tikilir”.
SOCAR rəsmisi bildirib ki, bu yeni peşə məktəbində də 400-ə yaxın fəhlə kateqoriyasından olan işçilərin hazırlanmasına başlanılacaq:
“Bu məktəblər SOCAR-in fəhlə kateqoriyasından olan işçilərə olan tələbatının təqribən 70%-ni ödəyəcək. Və artıq fəhlə kateqoriyasına aid olan işçilər müəssisəyə ən azı III, əlaçı tələbər isə IV dərəcə ilə işə götürüləcək. Müəssisədə ən yüksək dərəcə isə VI dərəcədir”.