SOCAR prezidenti Rövnəq Abdullayev və “KBR” şirkətinin prezidenti və baş icraçı direktor Stüart Bredi ilə mühəndislik xidmətləri üzrə birgə müəssisənin yaradılması ilə bağlı saziş imzalayıblar.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən məlumat verilib.
SOCAR prezidenti bildirib ki, yaradılan yeni müştərək müəssisə ən müasir dünya standartları səviyyəsində fəaliyyət göstərəcək və yaxşı bir əməkdaşlıq nümunəsi olacaq.
Öz növbəsində “KBR” şirkətinin prezidenti və baş icraçı direktor Stüart Bredi bildirib ki, mühəndislik şirkətinə əsas etibarilə yüksək potensiala, bilik və bacarığa malik azərbaycanlı mütəxəssislər cəlb olunacaq. Davamlı şəkildə təlim və tədris proqramları həyata keçiriləcək, şirkət öz təcrübəsini, sistemlərini, proses və prosedurlarını yeni yaradılmış müəssisədə tətbiq edəcəkdir. SOCAR və “KBR” şirkətləri qüvvələrini birləşdirməklə müəssisənin Azərbaycandakı sifarişçilərə mükəmməl xidmət göstərməsinə əlverişli zəmin yaradacaq.
Xatırladaq ki, baş ofisi Texas ştatının Hyuston şəhərində yerləşən “KBR” mühəndislik, təchizat, tikinti və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı şirkətlərindən biridir. Şirkəti indiyədək 600-dən artıq azərbaycanlı kadrı işlə təmin edib.
Qeyd edək ki, yeni yaradılacaq şirkətin baş ofisi Bakıda yerləşəcək.