Azərbaycanın dövlət neft şirkəti SOCAR Rusiyanın neft nəqli operatoru “Transneft”lə 2016-cı il ərzində bu ölkədən neft nəqlinin bərpa edilməsinə dair danışıqlar aparır.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, adının açıqlanmamasını xahiş edən SOCAR nümayəndəsi bu barədə “Reuters” agentliyinə bildirib.
Nümayəndə bildirib ki, Bakı-Novorossiysk kəməri ilə neft nəqli ötən ilin dekabrından “texniki səbəblərə görə” dayandırılıb.
Hazırda Azərbaycan Bakı-Novorossiysk neft kəməri üçün nəzərdə tutulan neft həcmini Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa kəmərləri, habelə dəmir yolu ilə Gürcüstan ərazisindən nəql edir.
SOCAR nümayəndəsi deyib ki, ötən ilin dekabrından “Bakı-Novorossiysk neft kəmərində yaranmış texniki problem səbəbindən” Azərbaycan bu marşrutla neft nəql etmir.
“Biz müvəqqəti olaraq Mahaçqaladan keçən başqa marşrutdan istifadə etməyi təklif etdik, bu opsiya müqavilədə nəzərdə tutulub. Lakin “Transnef” texniki imkanların məhdud olduğunu bildirərək bundan imtina etdi”, - deyə SOCAR nümayəndəsi bildirib.
Azərbaycan 2015-ci ildə Bakı-Novorossiysk neft kəməri ilə cəmi 1,27 milyon ton neft nəql edib. 2014-cü ildə isə bu rəqəm 1,02 milyon ton olub.
Mənbənin sözlərinə görə, Azərbaycan bu il Rusiyadan neft nəql etməyb, ancaq “Transneft”lə nəqlin bərpasına dair danışıqlar aparıb, Mahaçqala variantını təklif edib.
“Biz ruslarla hələ danışıqlar aparırıq, onlar daha çevik olmalıdır. SOCAR bu il Rusiya ərazisindən 1,4 milyon ton neft nəql etməyə hazırdır”- deyə şirkətdən olan nümayəndə bildirib.
Bakı-Novorossiysk kəməri ilə neft nəqlinin dayandırılması barədə indiyədək ictimaiyyətə məlumat verilməyib.