Sentyabrın 23-də Bakıda SOCAR prezidenti Rövnəq Abdullayev və İtaliyanın Snam şirkətinin baş icraçı direktoru Karlo Malakarne arasında görüş keçirilib.
Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) Oxu.Az-a bildirilib.
“Görüşdə Avropaya qaz təchizatının diversifikasiyası və təhlükəsiziliyinin möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasında və digər istehsalçı ölkələrdə hasil olunan təbii qazın İtaliya infrastrukturları vasitəsilə Avropa bazarlarına nəqli üçün lazım olan qurğuların tikintisi və istismarı sahəsində SOCAR və Snam şirkətlərinin təcrübə mübadiləsinin mümkünlüyü müzakirə olunmuşdur” - deyə, SOCAR-dan bildirilib.
SOCAR-dan bildirilib ki, görüş zamanı Avropaya qaz axınının yeni əsas marşrutu kimi Cənub Qaz Dəhlizinin inkişafı üçün irəli sürülən təşəbbüslərin qiymətləndirilməsi üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
“Anlaşma Memorandumu gələcəkdə informasiya mübadiləsi və daha dərindən qiymətləndirmə işlərinin həyata keçirilməsi üçün əsas yaradır”-deyə, şirkətdən qeyd edilib.

Ülviyyə R. Əli
www.oxu.az