Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Total SA ilə əməkdaşlığın ikinci mərhələsinə başlayır, Oxu.Az xəbər verir.
Natural Gas Europe informasiya resursunun məlumatına müvafiq olaraq fransız şirkəti Xəzər dənizi şelfində Abşeron qaz-kondensant yatağında layihə öncəsi işlərini başa çatdırıb.
SOCAR-ın investisiya şöbəsinin rəhbəri Vaqif Əliyev qeyd edib ki, şirkətlər arasında 2009-cu ildə imzalanmış müqavilənin şərtlərinə müvafiq olaraq layihə öncəsi hazırlıq operatoru Total-dır, amma indi yatağın istismar müddətinin başlanmasının zamanı gəldikdə, işə azərbaycanlı mütəxəssislər qoşulur.
“Biz ikinci mərhələyə keçmişik, və indi SOCAR və Total yatağın işlənməsini müştərək idarə edəcəklər, azərbaycanlı ekspertlər istehsalın bütün sahələrində işləməyə başlayacaqlar”, - Vaqif Əliyev izah edib.
Qeyd etmək lazımdır ki, SOCAR Abşeronun 40 faizinə, Total da eynilə 40 faizə, Engie isə (daha öncə Gaz de France Suez) 20 faizinə sahibdir. Yataqda 350 milyard kubmetr qaz, eləcə də 45 milyon ton qaz kondensatı var. 2011-ci ildə aşkarlanmış Abşeron bloku Bakıdan 100 kilometr məsafədə 500 metr dərinlikdə yerləşir.
Layihəyə müvafiq olaraq, yataqdan ilk qaz 2021-ci ilin 4-cü rübündə hasil ediləcək. Bir neçə il ərzində qazın hasilatının ildə 7-8 milyard kubmetrə çatdırılması gözlənilir. İlkin sənaye işlənməsində əldə edilən qaz daxili bazarda istifadə ediləcək.
Bundan başqa, sahildən 7 km uzaqlıqda qaz terminalı tikmək planlaşdırılır, burada “mavi yanacaq” təmizlənərək emal ediləcək, daha sonra lokal şəbəkəyə daxil olacaq. Həmçinin terminaldan Bakı-Tbilisi-Ceyhan qaz kəmərinə qədər ayrıca boru kəməri tikmək planlaşdırılır, bu kəmər vasitəsilə kondensat ixraca gedəcək.