“Cənub Qaz Dəhlizi” QSC tərəfindən Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin zəmanəti ilə Trans-Anadolu (TANAP) Boru Kəməri layihəsinin maliyyələşdirilməsi üçün 750 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit müqaviləsi imzalanıb.
“Cənub Qaz Dəhlizi” QSC-dən Oxu.Az-a verilən məlumata görə, bu ilin iyunun 29-da Cənub Qaz Dəhlizi (CQD) layihəsinin tərkib hissəsi olan TANAP layihəsinin dəstəklənməsi məqsədilə Azərbaycanın dövlət zəmanəti, habelə Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (MIGA) zəmanəti ilə 500 milyon dollar və 215 milyon avro ilə, ümumilikdə 750 milyon dollar məbləğində sindikatlaşdırılmış kreditin “Cənub Qaz Dəhlizi” QSC-yə ayrılmasına dair kredit və zəmanət müqavilələri imzalanıb.
Qeyd olunan kredit müqaviləsinə dair dövlət zəmanəti müqaviləsini Azərbaycan Respublikası adından maliyyə naziri Samir Şərifov, kredit müqaviləsini isə CQD QSC-nin Baş direktoru Əfqan İsayev imzalayıb.