Avqustun 28-də Salyan rayonunun Abad kəndinə yenidən təbii qazın verilişi münasibəti ilə tədbir keçirilib.
Oxu.Az Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbirdə şirkətin prezidenti Rövnəq Abdullayev və birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə də iştirak edib.
“Salyan rayonunun 673 abonenti olan Abad kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 87 kilometr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb” - deyə, SOCAR-ın məlumatında vurğulanıb.
Kəndə qazın verilişini bildirən rəmzi məşəli alovlandıran Abdullayev son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb, qeyd edib ki, uzun müddət təbii qaz almayan yaşayış məntəqələri sürətli templərlə “mavi yanacaq”la təmin olunur.
Bundan başqa, R. Abdullayev respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Ülviyyə R. Əli
www.oxu.az