Hal-hazırda Abşeron yarımadası ilə Pirallahı qəsəbəsini birləşdirən avtomobil yolunun üzərində olacaq körpünün tikintisi davam edir.
Oxu.Az day.az-a istinadən xəbər verir ki, bu haqda “Azəryolservis” ASC-nin mətbuat xidmətinin başçısı Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, körpünün 10 dayağı tikilib.
“Tikilən körpü Qala-Pirallahı yolunun 23-cü km-dədir. İşin böyük hissəsi artıq yerinə yetirilib. Aşırımların sayı 9-dur, onları quraşdırmaq lazımdır”, P.Mürsəliyev deyib.
Həmsöhbətimiz bildirib ki, körpünün uzunluğu 421,45 metr, ona birləşən yollarla birlikdə 710 metr, səkilərin eni 1,5 metrdir.
“Körpü Pirallahı və Abşeron yarımadasının nəqliyyat qovşağını yaxşılaşdırmaq, qəsəbəni sahil ilə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısını almaq, eləcə də qurğunun altından dəniz nəqliyyatının hərəkəti üçün şəraitin yaradılması məqsədi ilə tikilir” – P.Mürsəliyev qeyd edib.
Xatırladaq ki, tikinti başa çatdıqdan sonra körpünün altındakı yol söküləcək və onun altından dəniz nəqliyyatı keçəcək. İşin başa çatması tarixi isə məlum deyil.