Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
İdarədən Oxu.Az-a bildiriblər ki, Azərbaycanın paytaxtında Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar iyunun 1-dən 30-dək yük maşınlarının Bakıya daxil olmasına qadağa qoyulacaq.
“Yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş edirik ki, Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə əlaqədar bu il iyun ayının 1-dən 30-dək yarış iştirakçılarının, azarkeşlərin və ölkəmizə gələn çoxsaylı qonaqların təhlükəsiz və sərbəst hərəkətlərinin təşkili ilə əlaqədar paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə qeyd olunan müddət ərzində müxtəlif təyinatlı yük avtomobillərinin Bakı şəhərinə buraxılmayacağını iş planlarında nəzərə alsınlar”- deyə idarədən bildiriblər.
Həmçinin Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bu barədə Oxu.Az-a məlumat verib.
Şöbə rəisinin sözlərinə görə, Bakı şəhərinə xüsusi buraxılış əsasında yalnız həyati vacib malların daşınması ilə məşğul olan yük maşınları buraxılacaq.
“Yəni bəzi ərzaq malları, təbii, tibbi ləvazimatları daşıyan yük avtomobilləri gecə saatlarında xidmət aparacaqlar”.