Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
16 yaşlı gəncin ərindən boşanan bibisi qızı ilə sevgi macərası: "Bıçağı götürüb ona zərbə vurdum"
Lənkəran rayonunda 2007-ci il təvəllüdlü Təhməz sevgi münasibətində olduğu qohumu Laləyə (adlar şərti verilib - red.) xəsarət yetirib.
Oxu.Az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə 24 dekabr 2023-cü ildə Lənkəran rayonunun kəndində baş verib.
Təhməz həmin gün saat 10 radələrində bibisi qızı Lalənin yaşadığı evə gedib, onu sevdiyini bildirib, həmkəndlisi İntiqamla əlaqəsinin olub-olmadığını soruşub. Mübahisə zamanı qonaq otağındakı masanın üzərində olan mətbəx bıçağını götürüb və Lalənin qarın nahiyəsinə zərbə vurub.
İstintaq orqanı tərəfindən Təhməzin barəsində Cinayət Məcəlləsinin 126.2.3 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.
"Laləgildə qalırdım"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Təhməz elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Lalə ərindən boşanıb, anasının evinə gəldikdən sonra onunla münasibəti yaranıb: "Təxminən bir il yarım aramızda sevgi münasibəti oldu. Telefonla danışdıq, görüşdük, dəfələrlə onların evində cinsi əlaqədə olduq. Məndə Lalənin çoxlu şəkilləri vardı".
Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-2022-ci illərdə Laləgildə də qalıb: "Bibim evdə olmayanda Lalə ilə cinsi əlaqədə olmuşam. Mənim Laləgildə qalmağımı yaşadığımız kənddə çox adam bilirdi. Masallı rayonuna və Bakı şəhərinə işləməyə gedib-gəldikdən sonra gecə vaxtı əmimgilə gedəndə İntiqamı Laləgilin evlərinin qarşısında gördüm. Ondan burada nə gəzdiyini soruşdum, Lalənin çağırdığını dedi. Amma nə üçün çağırdığını söyləmədi. Heç mən də İntiqamın ora nə üçün gəldiyi ilə maraqlanmadım. Düşündüm, bəlkə nəsə işləri var, İntiqamı bibim çağırıb.
Lalə ilə İntiqam arasında münasibətin olması ağlıma gəlmədi. Həmin günün səhəri Laləgilə getdim, anası evdə deyildi. Lalənin telefonunda İntiqamın nömrəsini gördüm. Nömrənin nə üçün onda olmasını soruşdum, anasının İntiqama zəng vurduğunu dedi.
Bundan 7-8 ay sonra İntiqamı yenidən Laləgilin evlərinin yanında gördüm. Yenə səbəbini soruşdum. Lalə İntiqamla əlaqəsinin olmasını etiraf etdi".
"Etiraf etdi, vurdum"
Təhməz deyib ki, 24 dekabr 2023-cü ildə saat 10 radələrində Laləgilə gedib: "Söhbət zamanı İntiqamla əlaqəsi olduğunu, onunla yaxınlıq etdiyini bildirdi. Mən də əsəbiləşərək Lalənin yanında olan bıçağı götürüb ona bir zərbə vurdum. Lalə zərbədən yıxılmaq istəyəndə onu yıxılmağa qoymadım, tutdum. Bıçağın dərin batdığını fikirləşdim. Özünü pis hiss edirsə, xəstəxanaya aparmağımı, təcili tibbi yardım çağırmağımı təklif etdim. Lalə isə hər şeyin qaydasında olduğunu dedi, xəstəxanaya getmək istəmədi. Həmçinin xahiş etdi ki, gedim, anası gələndə məni görməsin.
Onun sözünə qulaq asmadım, qaldım. Bint, spirt alıb gətirdim, yarasını bağladım. Lalənin anası gələndən sonra nənəmgilə getdim".
"Ailə qurmaq fikrim vardı"
Təqsirləndirilən şəxs qeyd edib ki, Lalə onunla danışdığı vaxt onu əsəbiləşdirib: "Özümü saxlaya bilməyib bıçağı götürdüm və vurdum.
Mən İntiqamla Laləni bir yerdə görməmişəm. Lakin onların sözlərinin uyğun gəlmədiyini hiss edəndə şübhəmə əmin oldum. Onların əlaqəsini sübut etdim. Çünki Lalənin telefonunda İntiqamın nömrəsini aşkarlamışdım.
Mənim Lalə ilə ailə qurmaq fikrim vardı. Fikrimi bıçaqla vurmamışdan əvvəl və bıçaqla vurduğum gün də ona demişdim. O da mənə hərbi xidmətə gedib-gəldikdən sonra evlənəcəyimizi dedi.
Əməlimdən peşmanam. Lalədən məni bağışlamasını xahiş etdim, amma məni bağışlamadı. İntiqam yalan danışır, onun Lalə ilə əlaqəsi olub".
"Anama deməyə qorxdum"
İş üzrə zərərçəkmiş qismində ifadə verən Lalənin sözlərinə görə, Təhməzin onu sevdiyini eşidib: "Ancaq yaxınlaşaraq məni sevdiyini deməyib. Təhməz də, mən də eyni kənddə yaşayırıq. O bizə gəlib-gedirdi. Həmin vaxtlar anam da evdə olurdu. Mən tək olanda Təhməz bizə gəlməyib. Mənim telefonum olmayıb.
Təhməzgilin evləri bizə yaxındır. O məni ev bıçağı ilə vurdu. Həmin vaxt 2021-ci il təvəllüdlü oğlum Cavid də yanımda idi.
Təhməz gedəndən bir az sonra anam evə gəldi. Təhməzin məni bıçaqladığını anama oğlum dedi. Özüm anama deməyə qorxdum. Yaramı Təhməz özü bağladığı üçün qan axmadı.
Təhməzin mənim şəkillərimi hansı məqsədlə çəkdiyini bilməmişəm. Hətta şəkilin birini o mənim özümə çəkdirmişdi. Təhməzi bağışlamamışam, onunla barışmaq istəməmişəm. Ondan şikayətçiyəm".
"Sevgi münasibətim olmayıb"
Zərərçəkmiş şəxs qeyd edib ki, hadisədən sonra Təhməz onun yanında təxminən 4 saat müddət ərzində qalsa da, onu xəstəxanaya aparmayıb:
"Bu müddət ərzində mənim yaramı sarıyıb, amma yalan danışır, yaramı bağladığı bint evimizdə idi. Yaramı bağladıqdan sonra onunla nənəmgilə getməmişik. Çünki nənəmgillə danışmırdıq.
Təhməzlə aramızda sevgi münasibəti olmayıb, onunla cinsi əlaqədə olmamışam. Sevgi barədə danışmamışıq, mütəmadi telefon əlaqəsi saxlamamışıq, mesajlaşmamışıq. Təhməz məni vurandan sonra yerə yıxmaq istədi, lakin mən yıxılmadım. O mənə xəstəxanaya aparmağı təklif etmədi. Əksinə özüm ona məni xəstəxanaya aparmasını istədim. Lakin Təhməz imtina elədi. Təcili yardıma anam zəng vurdu.
Təhməz məni bıçaqlayandan sonra 4 saat bizdə qalıb hadisə barədə kiməsə məlumat verməyə qoymadı. Kiməsə məlumat verməyi lazım bilmədiyini dedi.
Xəstəxanada cərrahiyyə əməliyyatı edildikdən sonra bir həftə stasionarda yatdım, sonra evə buraxıldım. Təhməz mənə ailə qurmaq istədiyini də deməyib".
Zərərçəkmişin ifadəsinə görə, oğlu Cavid onların yanına sonradan gəlməyib, Təhməzin onu bıçaqla vurduğunu görüb, qışqıraraq ağlamağa başlayıb.
Lalə bildirib ki, əri Rusiya Federasiyasında evləndiyi üçün ondan boşanıb: "Ərim mənimlə ailə qurduqdan sonra Rusiyaya getdi. O, uşağı ilə danışır, arada aliment ödəyir".
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Təhməzin ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddəsi həmin məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib.
Təhməz 3 il müddətinə azadlıqdan məhrum edilib.
"Lənkəran" teqi üzrə xəbərlər
- Azərbaycanda vəzifəli şəxslərin evində DƏHŞƏT: Qardaşlarının vəfat xəbərini eşidən anaları da ÖLDÜ
- Lənkərandakı ağır qəzada xəsarət alanlardan 17 nəfər evə buraxılıb
- Lənkəranda baş verən dəhşətli qəzada xəsarət alanların son durumu AÇIQLANDI
- Lənkəranda bazarda YANĞIN
- Lənkəranda ata oğlunun ağacdan asılmış meyitini tapdı
Rəylər