Avqustun 4-də Uqandanın paytaxtı Kampala şəhərinin ətrafında dəhşətli hadisə baş verib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, 27 yaşlı uqandalı futbolçu David Ovori öz evinin yaxınlığında quldurların hücumuna məruz qalaraq həyatını itirib.
Məlumata görə, canilər idmançının mobil telefonunu və digər şəxsi əşyalarını mənimsəməyə cəhd ediblər. Hücum edənlərə müqavimət göstərən futbolçu ağır xəsarətlər alıb. Yoldan ötənlər tərəfindən huşsuz vəziyyətdə tapılan Ovori əvvəlcə yaxınlıqdakı xəstəxanaya, daha sonra isə digər tibb müəssisəsinə köçürülsə də, aldığı ağır travmalardan orada dünyasını dəyişib.
Qeyd edək ki, David Ovori Uqandanın ən çox titul qazanmış "Villa" klubunun kapitanı olub və ölkənin milli komandasının şərəfini qoruyub.
Uqanda parlamentində mərhum futbolçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Deputatlar qətli törədən günahkarların ən qısa zamanda tapılaraq məsuliyyətə cəlb olunmasına çağırış ediblər.
Qeyd edək ki, bu, son iki ay ərzində tanınmış uqandalı idmançının qətlə yetirilməsi ilə bağlı ikinci haldır. Bundan əvvəl, iyunun 5-də Kampalada reqbi üzrə milli komandanın oyunçusu Sidney Qonqodyo kütlə tərəfindən səhvən oğru hesab edilərək döyülüb öldürülmüşdü.