Nigeriya və Kamerun vətəndaşları Bakıda dollarla bağlı növbəti böyük fırıldaqlarını həyata keçiriblər.
Bu dəfə afrikalı fırıldaqçıların toruna Nizami rayon sakini, məcburi köçkün Emin Səmədov düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a hazırda Azərbaycan Respublikası CM-in fırıldaqçılıq maddəsi üzrə cinayət işinin aparıldığı Nizami rayon Polis İdarəsindən bildiriblər.
Dələduzluq faktı ilə bağlı hələlik nigeriyalıların necə hərəkət etdiyi barədə danışmış bir şəxs – Nurlan İsmayılov saxlanılıb.
Hər şey sentyabrın 10-da başlayıb. “Neftçilər” metro stansiyasının yaxınlığında Nurlan İsmayılov adlı (ad təhqiqat maraqlarından irəli gələrək dəyişdirilib) gənci Nigeriya vətəndaşı, 1978-ci il təvəllüdlü Orombeca Assamba Bruno Çarliz saxlayıb və metronun “Sahil” stansiyasına necə getmək barədə soruşub. Nurlan ingilis dilində cavab verib ki, özü də ora gedir və ona görə də, onlar birlikdə “Sahil” metrosuna gəliblər. Yolda gənc insanlar söhbətləşiblər, təyinat nöqtəsinə çatdıqda isə afrikalı Nurlandan telefon nömrəsini istəyib: “Sən ingiliscə yaxşı danışırsan, nömrəni mənə ver. Bir dəfə görüşərik, əyləşib çay içərik”. Nurlan öz telefon nömrəsini ona verib və bundan sonra hərəsi öz yoluna davam ediblər.
Bir neçə gündən sonra Nurlana zəng edən Bruno Çarliz onu “Neftçilər” metro stansiyası yaxınlığında yerləşən kafeyə dəvət edib. Çay içən zaman Bruno Nurlandna gəlirləri haqqında maraqlanıb və öyrənib ki, o, Dövlət Neft Şirkətindən (SOCAR) ictimai iaşə sahəsində işləyir və 500 manat maaş alır. Bunu eşidən əcnəbi bildirib ki, Nurlan daha çox qazana bilər. Bruno deyib ki, ona ayrıca qaranlıq yer lazımdır, çünki Nurlana bir şey göstərmək istəyir.
Nurlan qonağı kirayə tutduğu və tək yaşadığı mənzilə gətirib. Gənc insanlar əyləşib çay içiblər və bu zaman Bruno Çarliz Nurlana deyib ki, onun atası Nigeriyanın maliyyə naziridir. Brunonun sözlərinə görə, atasının ona verdiyi kağızlarla pul düzəltmək olar.
Nigeriyalı cibindən 5 ABŞ dolları və eyni ölçüdə iki təmiz kağız çıxarıb. Nurlanın gözləri önündə o, həmin pulu və kağızları folqa ilə örtüb, iynə çıxardaraq, üzərinə maye töküb və iki dəqiqədən sonra oradan iki qara kağız çıxarıb. Sonra o, qara kağızların üzərinə yenidən maye töküb və onlar 5 dollarlıq əskinaslara çevriliblər. Nəticədə afrikalı 5 dollardan 15 dollar pul əldə edib.
Bundan sonra Bruno Çarliz Nurlana onun təklifini düşünməyi məsləhət görüb. “Əgər bir qərara gəlsən, mənə zəng et” – deyə, Bruno bildirib və çıxıb gedib. Və Nurlan tərcüməçi qismində olsa da, onların fırıldaqlarına kömək etmək qərarına gəlib.
Bakıda Bruno tək olmayıb, o, paytaxtda 1983-cü il təvəllüdlü kamerunlu Eqibo Cames Çiloslo ilə birlikdə gəzirmiş. Bu arada afrikalılar 8-ci kilometr qəsəbəsi ərazisində ərzaq mağazalarından birinə girərək, oradan 5 dollara SİM-kart alıblar. Sonradan, istintaq zamanı müəyyən olunub ki, həmin gün dükanda piştaxtanın arxasında mağazanın sahibi Emin Səmədov dayanıbmış. Sonuncu deyib ki, SİM-kartı alarkən Bruno üzünü ona tutub və baş barmağı ilə Eqibonu göstərərək, “o, iş adamıdır” deyib. Lakin Səmədov buna əhəmiyyət verməyib və alıcılar çıxıb gediblər.
İki-üç gündən sonra nigeriyalı yenidən Nurlanla görüşüb – bu dəfə 8-ci kilometr qəsəbəsində. Lakin o görüşə tək yox, Eqibo ilə gəlib. Nigeriyalı onları tanış edərək, kontur SİM-kartı almaq üçün mağazaya girməyi təklif edib. Nurlan afrikalıları xəbərdar edib ki, Bakıda az sayda mağazalarda dollarları qəbul edirlər. Lakin bu afrikalıları çəkindirməyib və onlar Emin Səmədovun mağazasına giriblər.
Afrikalıları görən Səmədov xatırlayıb ki, onlar iki gün əvvəl mağazaya gələnlərdir. Emin ingilis dilini bilmədiyi üçün Bruno Nurlandan deyəcəyi sözləri tərcümə etməyi xahiş edib. “Bizə çoxlu pul qazandıracaq daha bir adamı axtarırıq. Əgər razısınızsa, o zaman gəlin birlikdə bir yerdə əyləşək və işi müzakirə edək” – deyə, nigeriyalı bildirib.
Dördlükdə onlar yaxınlıqdakı kafeyə gediblər və orada nahar zamanı Bruno Səmədova atası – Nigeriyanın maliyyə naziri və kağızların pula çevrilməsi barədə sehrli əməliyyatından danışıb.
Əvvəlcə Səmədov inanmayıb. Bunu görən nigeriyalı heç kimin narahat etməməsi üçün qaranlıq yerə getməli olduqlarını deyib və orada adi kağızların pula çevrilməsi prosesini nümayiş etdirəcəyini söyləyib.
Birlikdə Səmədovun mağazasına gələn dördlük zirzəmiyə keçiblər. Bruno sahibkara deyib: “İstənilən bir dolları mənə ver”. Cibindən 50 dollar çıxaran Səmədov onu nigeriyalıya uzadıb. O, cibindən ağ kazırları və iynəni çıxararaq, Nurlanın mənzilində göstərdiyi fokusu bir daha təkrarlayıb. Beləliklə, onlar 150 dollar pul əldə ediblər. Hər şey o qədər inandırıcı görünüb ki, Səmədov inanıb.
Bruno deyib ki, Emin 40 min dollar pul tapsa gəlirin 30%-i, 50 min tapsa 40%-i, daha çox pul gətirsə 50%-i ona qalacaq.
Səmədov düşünmək üçün vaxt istəyib. Telefon nömrələrini yazaraq, onlar ayrılıblar. Bu arada istintaq müəyyənləşdirib ki, nigeriyalı və kamerunlu darıxmayıblar, “İnfiniti” barında əxlaqsız qızların xidmətlərindən istifadə ediblər.
Bir neçə gündən sonra Səmədov Nurlana zəng edib və 69 min dollar pul tapdığını deyib.
Afrikalılar yenidən Emin və Nurlanla görüşüblər. Səmədov pulları nigeriyalıya göstərib və o deyib ki, əlində bu qədər kağız pulu yoxdur və buna görə də, pulları avroya çevirmək lazımdır, özü də 500-lük əskinaslarla. Səmədov pulları dəyişdirməyə, Nurlan və afrikalılar isə hərəsi öz işinə qayıdıb.
Növbəti gün onlar dördlükdə Səmədovun mənzilində görüşüblər. Bruno pulları götürüb, hər əskinasın arasına kağız parçası qoyub, bütün bunları folqaya büküb, yapışqanla bağlayıb, sonra isə şprisdən bağlamanın üzərinə naməlum məhlul töküb. Bundan sonra Bruno Səmədovdan qazan istəyib. Səmədov onu gətirib. Lakin afrikalı deyib ki, qazan balacadır, vedrə lazımdır. Səmədov vedrə arxasınca gedib. Sonra məlum olub ki, vedrə su ilə dolu olmalıdır və beləliklə, afrikalılar bir neçə dəfə Emini ora-bura göndəriblər.
Nəhayət Bruno bağlını su ilə dolu vedrəyə qoyub, onun qapağını örtüb və divanın ayağının altında yerləşdirib.
“Vedrə burada növbəti gün saat 12:00-dək qalmalıdır. Sabah isə burada 198 000 avro pul olacaq. Amma bax, heç nəyə əl vurma. Sabah özüm gələcəm və bağlamanı açacağıq” – deyə, Bruno Səmədova bildirib. Qonaqlar gediblər, mağaza sahibi isə divanın altındakı vedrənin keşiyini çəkməyə başlayıb.
Sentyabrın 17-də saat 12:00-da Səmədov Nurlan və Brunoya zəng etməyə başlayıb, lakin zənglərə cavab verən olmayıb. Və nəhayət onda Səmədov anlayıb ki, onu uşaq kimi aldadıblar. Bağlamanı götürən Səmədov polisə gəlib və afrikalılarla yanaşı Nurlan İsmayılovun barəsində cinayət işinin qaldırılması ilə bağlı ərizə yazıb.
Bağlını açan polislər orada yaş kağızlardan başqa heç nə aşkarlamayıblar. Yəni, Səmədov qazan və vedro arxasınca qaçan zaman nigeriyalı və kamerunlu içində əsl pullar olan bağlamanı dəyişiblər.
Sonradan aydın olub ki, Səmədov 69 000 dolları yaxın adamnının daşınmaz əmlakını sataraq əldə edib və ona pulu yaxın günlərdə, hətta faizi ilə qaytaracağını bildirib.
İstintaq zamanı məlum olub ki, afrikalılar Səmədovdan ayrıldıqdan dərhal sonra pulu bölüşdürüb aradan çıxıblar. Sentyabrın 17-də səhər saatlarında Bruno İstambula yola düşüb. Eqibonun hara yoxa çıxması məlum deyil. Hazırda əməliyyatçılar onun axtarışı ilə məşğuldurlar.
Sentyabrın 20-də təhqiqat orqanları Bruno Çarlizin İstanbulda növbəti qurbanı – Türkiyə vətəndaşına 225 000 avro pul atmaq istəyərkən yaxalandığı barədə məlumat alıblar.
Nurlan İsmayılova gəldikdə isə, onu bu günlərdə tutublar və hazırlanan cinayət işi barədə polisə vaxtında məlumat verməməkdə ittiham edirlər.