Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ali Məhkəmə məhkum tərəfindən vurulmuş ziyanın ödənilməsinə dair mühüm qərar qəbul etdi
Ali Məhkəmə vahid məhkəmə təcrübəsinin müəyyən edilməsi ilə bağlı qərar qəbul edib.
Oxu.Az-a xəbər verir ki, bu barədə Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, işin hallarına görə, məhkum İmişli Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin (CM) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib və 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Hökmlə zərərçəkmiş şəxslərin mülki iddiaları təmin edilərək 5 400 manat və 17 200 manat pulun məhkum edilmiş şəxsdən alınıb zərərçəkmiş şəxslərə ödənilməsi qərara alınıb.
Sonra məhkum ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək hökmə əsasən təmin edilmiş mülki iddianın bir dəfəyə ödənilməsi üçün maddi imkanının olmadığını, bu səbəbdən ödənilməli pul məbləğlərinin hissə-hissə icra olunması barədə qərar qəbul edilməsini xahiş edib. İmişli Rayon Məhkəməsinin qərarı ilə məhkumun ərizəsi təmin edilməyib və məhkəmə öz mövqeyini onunla əsaslandırıb ki, cinayət-prosessual qanunvericlikdə mülki iddianın hissə-hissə icra edilməsi ilə bağlı müddəa nəzərdə tutulmayıb və bu səbəbdən məhkumun müraciətinə baxılması mümkün deyil. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə məhkumun apellyasiya şikayəti təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.
Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Ali Məhkəmə hesab edib ki, Cinayət-Prosessual Məcəllənin (CPM) 509.1.9 və 510.3-cü maddələri Konstitusiyanın 25 və 60-cı maddələrinin, eləcə də CPM-in 179.2 və Mülki Prosessual Məcəllənin (MPM) 231-ci maddələrinin tələblərinə uyğun olaraq tətbiq edilməli və məhkumun məhkəmə hökmü ilə müəyyən edilmiş mülki iddia məbləğinin hissə-hissə icra edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmək hüququ tanınmalı, bu növ müraciətlərə baxılarkən işin halları ətraflı araşdırılmalı, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının tam icrasına nail olmaq məqsədilə icra zamanı tətbiq edilməli olan prosedurların həyata keçilməsi ilə bağlı müraciətlərə həssas yanaşılmalı, məhkumun maddi imkanı mülki iddia məbləğinin bir dəfəyə ödənilməsinə imkan vermədiyi təqdirdə, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasız qalması nəticəsində yaranan etimadsızlığın qarşısını almaq məqsədilə hissə-hissə icra institutunun tətbiqi məsələsi də müzakirə mövzusu olmalıdır.
Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının qərarına əsasən, məhkumun kassasiya şikayəti qismən təmin edilib, apellyasiya məhkəməsinin qərarı məhkumun kassasiya şikayətinə münasibətdə ləğv edilib və material Ali Məhkəmənin qərarında ifadə olunmuş mövqeyə uyğun olaraq apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilib.
Rəylər