Bakıda orta məktəb şagirdinin qətlində şübhəli bilinən dörd nəfər tutulub.
Oxu.Az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün rayonun Biləcəri qəsəbəsində 1998-ci il təvəllüdlü Mobil Mehman oğlu Abdullayevin qətlində şübhəli bilinənlər - Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü, Ceyranbatan Peşə Liseyinin tələbəsi Fuad Mehman oğlu Heydərov, 1996-cı il təvəllüdlü Abbas Yaşar oğlu Abbaslı, 1996-cı il təvəllüdlü Nurlan Zülfüqar oğlu Dünyamalıyev, Tovuz rayon sakini, 1996-cı il təvəllüdlü Elsevər Fərman oğlu Məmmədov, Kürdəmir rayon sakini 1993-cü il təvəllüdlü Samir Kamal oğlu Məmmədov saxlanılıblar.
Qətlin “facebook”dakı mübahisə nəticəsində baş verdiyi bildirilir.
Polisdən bildirilib ki, tutulan şəxslərlə mərhum arasında “facebook” sosial şəbəkəsində mübahisə yaranıb. Mübahisədən sonra M. Abdullayevlə görüşə gələn 5 gənc onu bıçaqlayaraq qətlə yetirib.
Qeyd edək ki, aprelin 1-də Binəqədi rayonu Biləcəri qəsəbəsinin ərazisindən qəsəbə sakini Mobil Abdullayev bud nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib və orada dünyasını dəyişib.
Hadisənin münaqişə zəminində Tovuz rayon sakini Elsevər Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.
Binəqədi Rayon Polis İdarəsindən M. Abdullayevin 10-cu sinif şagirdi olduğu bildirilib.