Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda silsilə oğurluq əməlləri törədən Astara rayon sakini, 1995-ci il təvəllüdlü İsmayıl Ümid oğlu Qəhrəmanov, 1983-cü il təvəllüdlü Zaur Namaz oğlu Namazov və 1988-ci il təvəllüdlü Fərid Quncəli oğlu Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Oxu.Az virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Zeynal Ağayev sədrlik edir.
İstintaq zamanı 19 yaşlı İsmayıl Qəhrəmanovun Bakının müxtəlif rayonlarında onlarla evi qarət etməsi və mənzillərdən 1 milyon manatdan artıq dəyəri olan qızıl və müxtəlif valyutalar oğurlaması müəyyən edilib.
Peşəkar oğru bu qədər pula nə daşınmaz əmlak, nə avtomobil, nə də başqa mülk alıb.
İ.Qəhrəmanov evlərdən ölçüsü kiçik, dəyəri böyük olan şeyləri, yəni ancaq qızıl və pulları götürürmüş.
Nə qədər bahalı olursa olsun, peşəkar oğru qarşısına çıxan telefon və digər elektron avadanlıqlara tamah salmırmış. Onun qarət etdiyi evlərin sahibləri arasında xeyli varlı və tanınmış adamlar da var.