Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğu paytaxtda polis serjantının döyülməsi ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-a daxil olan məlumata görə, fevralın 15-də saat 19:30 radələrində Bakı Metropoliteninin Polis şöbəsinin polis nəfəri Tahir Mikayılov xidməti vəzifələrinin icrası bitdikdən sonra Bakı Metropoliteninin “Qara Qarayev” stansiyası yaxınlığında olarkən Masallı rayon sakinləri - Elmin Hacıyev və Kərim Kərimovun ictimai qaydanı kobud şəkildə pozaraq ona qarşı zor tətbiq ediblər.
Polis nəfəri Tahir Mikayılova bədən xəsarətləri yetirməsində, həmçinin üzərində olan xidməti geyim formasının paqonunu sökərək zədələmələrində əsaslı şübhələr olduğundan onlara faktla bağlı Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
E.Ə.
www.oxu.az