Bakıda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, paytaxtın Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 1962-ci il təvəllüdlü şair Mübariz Məsim oğlu Nəsibovu və onun dostu, 1960-cı il təvəllüdlü Cavanşır Əkbər oğlu Kazımovu bıçaqlayan 1954-cü il təvəllüdlü Hürriyət Məmməd oğlu Məmmədov yaxalanıb.
Qeyd edək ki, H.Məmmədov Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür.
Xatırladaq ki, hadisə metronun "Qara Qarayev" stansiyası yaxınlığında baş verib.
12:22
Şadlıq evinin qarşısında Mübariz Məsimoğlunu bıçaqlayan şəxsin özü də şair imiş.
Oxu.Az xəbər verir ki, dünən axşam şadlıq evinin qarşısında bıçaqlanan şair Mübariz Məsimoğlu baş verən hadisə ilə bağlı “Kulis”ə danışıb.
Qarın boşluğu, bud və əl nahiyəsindən yaralar alan M.Məsimoğlu bildirib ki, onu vuran şəxs şair həmkarı, AYB üzvü Hürriyyət Məmmədzadədir: “Konkret heç bir səbəb yoxdur. Sadəcə, onu bəzi yaramaz hərəkətlərinə görə öz stoluma buraxmırdım. Bu da öz aləmində qisas almaq istəyib. Törətdiyi əməli əvvəldən planlaşdırıb. Qəfil məni vurdu, müqavimət göstərib bıçağı əlindən aldım və buraxdım, ikinci dəfə ikinci bıçaqla hücum etdi. Amma bu yaralar elə də dərin deyil. Birinci vurduğu bıçaq qarın boşluğuma işləyib, ancaq heç bir orqana zərər dəyməyib. İndi palatadayam, özümü yaxşı hiss edirəm”.
Hadisəni törədən H.Məmmədzadə hadisə yerindən qaça bilib və hazırda harada olduğu bilinmir.
09.16
Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə metronun “Qara Qarayev” stansiyası yaxınlığında qeydə alınıb. 53 yaşlı Mübariz Məsimoğlu və yaxın qohumu 55 yaşlı Cavanşir Əkbər oğlu Kazımov şadlıq evlərindən birinin qarşısında bıçaqlanıb.
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, beş bıçaq yarası alan Mübariz Məsimoğlu əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı hələlik saxlanılan yoxdur.
Nizami Rayon Polis İdarəsindən bildiriblər ki, cinayəti törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, Mübariz Məsimoğlu şairdir.
E.Ə.
www.oxu.az