Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxta spirtli içkilər hazırlayaraq şərab evlərində satan mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib.
Bununla bağlı Daxili işlər Nazirliyi məlumat yayıb.
Dəstə üzvləri barəsində həbs-qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran daha bir mütəşəkkil cinayətkar dəstəyə qarşı xüsusi kompleks əməliyyat tədbiri həyata keçirilib.
Tədbir nəticəsində müəyyən olunub ki, Bakı şəhər sakini Duşdurov Nazim Elbrus oğlunun başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstə bir müddətdir ki, Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən gizli sexlərdə şadlıq saraylarında və restoranlarda istifadə edilən xarici ölkələrdə istehsal olunmuş spirtli içkilərin boş butulkalarını yenidən qablaşdıraraq müxtəlif iaşə obyektlərində və şərab evlərində satışını təşkil edir.
İstifadə olunmuş xarici ölkələrdə istehsal olunmuş spirtli içkilərin boş butulkaları “şüşə sexləri” adı altında pərdələnərək fəaliyyət göstərən qəbul məntəqələrində toplanaraq təkrar qablaşdırılmaqla yenidən satışa çıxarılır.
Nazim Duşdurova məxsus Bakı şəhəri Nəsimi rayonunda yerləşən şərab evləri və anbarlarda, Xətai, Suraxanı və Binəqədi rayonlarında yerləşən sexlərdə müxtəlif xarici əmtəə nişanlarından istifadə edilməklə satış üçün hazırlanmış xeyli sayda saxta araq, brend viski adları olan “Jack Daniels”, “Chivas” butulkalarında qablaşdırılan saxta içkilər, tekila, saxta aksiz markalar, qablaşdırma üçün nəzərdə tutulmuş 60.000 ədəd müxtəlif əmtəə nişanlı butulkalar və sair köməkçi vəsaitlər aşkar olunaraq maddi sübut kimi götürülüb.
Spirtli içkilərdən götürülmüş nümunələrin ekspertizası zamanı müəyyən edilmişdir ki, onlar istifadəyə tam yararsızdır. Həmin içkilərin tərkibində yüksək toksiki təsirə malik metil spirtinin miqdarı normadan dəfələrlə yuxarı olduğundan insan həyatı üçün təhlükəlidir.
Aşkar olunan faktla bağlı Baş İdardə mütəşəkkil dəstənin başçısı Nazim Duşdurov, eləcə də dəstənin digər üzvləri Gürcüstan Respublikasının vətəndaşı Ayaz Şərifov, Ağdam rayon sakini Elçin Mirzəyev, Salyan rayon sakini Mirsüleyman Ağayev, paytaxt sakinləri İsmayıl Talıblı və Aydın Azayev barəsində cinayət işi başlanılıb. Dəstə üzvünün hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunazidd halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Rəylər