2023-cü ildə dövlətlərarası axtarışa verilmiş Rusiya vətəndaşı ekstradisiya edilib.
Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, dələduzluqda ittiham edilərək 2023-cü ildə dövlətlərarası axtarışa verilmiş 25.02.1984-cü il təvəllüdlü, Rusiya vətəndaşı Mikael Kostanoviç Mundşaynın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiyanın səlahiyyətli orqanlarına təhvil verilib.