Gəncədə minik avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində xəsarət alanların son durumu açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 16:50-də iki nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, 2004-cü il və 2005-ci il təvəllüdlü şəxslərə sol bazu sümüyünün, qabırğaların və biləyin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
Gəncədə baş verən yol-nəqliyyat hadisəsi zamanı minik avtomobili avtobus dayanacaqda olarkən arxa hissəsinə çırpılıb.
Bu barədə Oxu.Az-a "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.
Bildirilib ki, hadisə bu gün saat 16:17-da "BakuBus" MMC-nin istismarında olan, 5 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 77-JZ-618 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə Mirzə Şəfi Vazeh küçəsi 15 ünvanında baş verib:
"İlkin məlumata əsasən, avtobus sərnişinlərin minib-düşməsi zamanı dayanacaqda olarkən digər nəqliyyat vasitəsi avtobusun arxa hissəsinə çırpılıb.
Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib və hazırda araşdırma aparılır.
"BakuBus" olaraq digər yol hərəkəti iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırırıq".
Aygün Mirakif
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik maşını "BakuBus" MMC-yə məxsus sərnişin avtobusuna çırpılıb.
Nəticədə minik maşınında olan bir nəfər hadisə yerində ölüb, iki nəfər isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.