Bakıda ərinə çapacaqla xəsarət yetirməkdə təqsirləndirilən İradə Hacıyevanın cinayət işinin məhkəməsi başlayıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən ilk hazırlıq iclasında təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
İradə Hacıyevanın müdafiəçisi Aqil Layıc müvəkkilinin əri tərəfindən uzun müddət fiziki zorakılığa məruz qaldığını əsas gətirərək onun faktiki qeydiyyatda olduğu ünvana deyil, başqa ünvana ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə vəsatət verib.
Prokuror vəsatəti əsassız sayaraq onun təmin olunmamasını istəyib.
Müşavirədən sonra vəsatət təmin olunmayıb və cinayət işi təqsirləndirilən barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
Məhkəmənin baxış iclası noyabrın 16-na təyin olunub.
Qeyd edək ki, hadisə 2026-cı il iyunun 28-də Bakının Yasamal rayonu ərazisində baş verib.
Bakı sakini Elşən Hacıyevin bədəninin müxtəlif yerlərindən kəsici alətlə yetirilən xəsarətlərlə xəstəxanada olması barədə polisə məlumat daxil olub.
Araşdırmalarla hadisənin zərərçəkənin həyat yoldaşı, 1962-ci il təvəllüdlü İradə Hacıyeva tərəfindən törədildiyi məlum olub. İradə Hacıyeva saxlanılaraq istintaqa təhvil verilib.
Təqsirləndirilənin istintaqdakı ifadələrindən bəlli olub ki, o, hadisədən əvvəl həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qaldığı üçün mətbəxdə istifadə etdiyi çapacaqla ərinə bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib.
İradə Hacıyeva barəsində CM-nin 29.120.2.9-cü (Qəsdən adam öldürməyə cəhd - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Elgün Həsənli