Bakı Apellyasiya məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə Naxçıvan MR-nın sakini Sahib Musayevin (1975-ci il təv) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az xəbər verir ki, 2013-cü il mayın 23-də DİN-yi məlumat yayıb ki, saat 14 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində 38 yaşlı Sahib Musayev tanışı, Ordubad rayon sakini Həsən Əhmədova məxsus “VAZ-2106” markalı avtomobildə Naxçıvan MR-nın sakini Alim Əhmədovu qətlə yetirib. Qətldən sonra Musayev elə həmin avtomobildə öldürülmüş şəxsin meyitini Nərimanov RPİ-nin qarşısına gətirərək, polis əməkdaşlarına təslim olub. Aidiyyatə üzrə dərhal sonra məlumat Xəzər RPİ-nə verilib, faktla əlaqədar rayon prokurorluğunda cinayət işi qaldırılıb.
Təyin edilən məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, A.Əhmədovun bədəni üzərrində 32 ədəd dəşilmiş-kəsilmiş xəsarətlər aşkar edilib, onun ölümünə kəskin qanitirmə səbəb olub. Cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna həvalə olunub.
İstintaq materiallarına görə, Sahiblə Alim Hava limanında kassadan Bakı-Naxçıvan aviareysinə bilet alarkən rastlaşıblar, münasibətlərini aydınlışdıran şəxlər avtomobil dayanacağına gələrək, "VAZ" markalı avtomaşına əyləşiblər və orda Musayev Əhmədovu öldürüb.
İş üzrə dindirilən Sahim Musayev ifadəsində göstərib ki, ötən il noyabrın 25-də Moskvanın Nijninovqorodski küçəsində, naməlum şəxs tapancadan açdığı atəşlərlə onun qardaşı Natiq Musayevı öldürüb. Qeyd edək ki, mərhum Moskvada geyim mağazaları şəbəkəsinin sahibi olub.
Musayev qardaşları öz aləmlərində belə qərara gəliblər ki, Natiqin qətlinin sifarişçisi onunla biznes ortağı olmuş Alim Əhmədovdur. Buna görə onlar Əhmədovun axtarışına başlayıblar, hətta onu tapmaq üçün BƏƏ-nin Dubay şəhərinə gediblər. Mayın 23-də anasının dəfni ilə əlaqədar Sahib Musayev Naxçıvana uçmaq üçün Hava Limanına yollanıb, orda isə məlum olduğu kimi təsadüfən Alim Əhmədovla rastlaşıb.
Məhkəmədə ifadə verən Sahib Musayev özünü təqsirli bilməyərək göstərib ki, Alim Əhmədovu qətlə yetirməklə qardaşının qisasını alıb.
O, Bakı Ağır cinayətlər məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən narazı qalan hər iki tərəf apellyasiya şıkayəti verib.
Bakı Apellyasiya məhkəməsində Sahib Musayev cəzasının azaldılmasını, əks tərəfin nümayəndəsi isə təqsirləndirilən şəxsə daha da ağır cəza verilməsini xahiş ediblər.
Bakı Apellyasiya məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.