Bakı Ağır Cinayətlər Məhkəməsində Tovuz ş. sakini Əli Əliyevin CM-nin 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) və 237.2.3-cü (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il avqustun 22-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional Şöbəsinə Tovuz rayon Əyyublu kəndində narkotik maddə plantasiyası becərilməsi barədə məlumat daxil olub. Narkotik maddəni əkib becərməkdə şübhəli bilinən Əli Əliyev nəzarətə götürülüb və o, 10 kq 750 q. marixuananı şərti alıcıya 2000 dollara satarkən yaxalanıb.
Dindirmə zamanı, tutulan şəxs bildirib ki, çətənə kollarını özünə məxsus əkin sahəsində satış məqsədi ilə kültivasiya yolu ilə becərib. Onun göstərdiyi yerə baxış keçirilib və kartof kolları arasında əkilmiş xeyli sayda çətənə kolları aşkar edilərək, məhv edilib.
Məhkəmə prosesində Ə.Əliyev ittiham üzrə özünü təqsirli hesab edərək, törətdiyi əməldən peşman olduğunu bildirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
C.H.