Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə Bakı ş. sakini Elçin Lazımovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il aprelin 23-də Nizami rayonunun Q.Qarayev prospektində yerləşən “Mil” kafesində Elçin Lazımov münaqişə zəminində Saatlı rayon sakini Rəvan Əliyevi (1987-ci il təv.) öldürüb, sonra isə hadisə yerinə gələn Nizami RPİ 24-cü polis bölməsinin əməkdaşlarına təslim olub.
Faktla əlaqədar Nizami rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, mərhumun bədən səthində 57 ədəd deşilmiş-kəsilmiş yaralar aşkar edilib, onun ölümünə massiv qanitirmə səbəb olub.
İstintaqla müəyyən edilib ki, “Azəriqaz” İB-də işləyən Elçin Lazımovun qızı bir ilə yaxın Rəvan Əliyevlə ailəli olub, sonra isə yaranan ailə münaqişələrinə görə ata evinə qayıdıb. Rəvan Əliyev hadisə baş verən kafedə ofisiant işləyib, ayın 23-də özü ilə bıçaq götürən Elçin Lazımov ora gəlib və kürəkəni ilə bu məsələyə aydınlıq gətirmək istəyib. Onlar masalardan birində əyləşərək, söhbət etməyə başlayıblar, lakin sonuncu qayınatasına yaranan ailə narazılığında onun qızını günahlandırıb.
Bu səbəbdən əsəbiləşən Lazımov üzərindəki kəsici alətlə Rəvana xəsarətlər yetirməyə başlayıb, ilk zərbələri onun boyun və kürək nahiyələrinə endirib. Sonra Elçin Lazımov bıçağı yerdə yıxılmış vəziyyətdə qalan və can verən kürəkəninin üstünə qoyub, özü isə polis əməkdaşlarının gəlişini gözləyib. Kafedə işləyənlərin “Rəvanı nə üçün vurdun?” sualına cavabında o belə lazım olduğunu deyib.
Təqsirləndirilən şəxsin və şahid ifadələrindən məlum olub ki, yeni qurulan ailədə qısqanclıq zəminində mübahisələr baş verib. Hadisədən bir neçə gün əvvəl qız atasına şikayət edib ki, əri onu aldadır. Belə ki, Rəvan hansısa qadınla mobil telefonla zəngləşib və mesajlaşıb, məsələnin üstü açılanda isə o arvadından boşanmaq istədiyini bildirib.
Məhkəmə prosesində E.Lazımov ittiham üzrə özünü təqsirli bilməyib. Dövlət ittihamçısı çıxışının sonunda onun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Lazımov 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.
Bakı Apellyasiya məhkəməsinin qərarı ilə E.Lazımovun cəzası 12 il 6 ay müddətinə endirilib.
C.H.
www.oxu.az