Bakı Ağır Cinayətlər Məhkəməsində Mingəçevir ş. sakini Yasin Hüseynovun (1994-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il sentyabrın 25-də axşam saat 19 radələrində Araz küçəsi, 1 ünvanında yerləşən “Toxuculuq” kombinatının qarşısında, metronun “Ulduz” stansiyasının yaxınlığında Yasin Hüseynov aralarında yaranmış mübahisə zamanı tanışı Rahib Əkbərovun
(1991-ci il təv.) bud nahiyəsinə bıçaqla xəsarət yetirib, sonra isə hadisə yerindən qaçıb. Yaralanan şəxs Kliniki Tibbi Mərkəzə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Araşdırmaya başlayan Nərimanov RPİ 17-ci polis bölməsinin əməkdaşları elə həmin gecə şübhəli şəxsi saxlayıb və istintaqa tədim edib.
İş üzrə təyin edilən məhkəmə-tibbi ekspertizasının rəyinə görə, R.Əkbərovun ölümünə almış olduğu xəsarətdən irəli gələn kəskin qanitirmə səbəb olub.
Saxlanılan Yasin Hüseynov istintaqa verdiyi ifadəsində törətdiyi cinayət əməlini etiraf edib.
Rahib Əkbərovu çoxdan tanıdığını deyən Yasin onunla bir evdə kirayədə qaldığını və tikintidə fəhlə işlədiklərini bildirib. Sonradan isə Yasin Rahiblə qalmaqdan imtina edib və başqa yerə köçüb. Ayın 25-də onlar “Ulduz” metrostansiyasının yaxınlığında görüşüblər, Rahib dostundan niyə onunla bir yerdə qalmamasının səbəbini soruşduqda Yasın Rahibə, onun arxasınca söyüş söydüyünü deyib. Bu zəmində aralarında mübahisə başlayıb, Rahib Yasinin ünvanına “satqın” dediyinə görə Hüseynov cibindən bıçağı çıxararaq Əkbərovun ayağından bir zərbə vurub. Tutulan şəxs tanışını öldürmək istəmədiyini qeyd edib, zərbəni mərhuma qorxutmaq məqsədi ilə atdığını vurğulayıb.
Məhkəmə prosesində təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilərək əməlindən peşman olmasını göstərib. Onun sözlərinə görə, əgər həmin gün Rahib onu görüşə çağırıb söz-söhbəti gündəmə gətirməsəydi bu hadisə baş verməzdi. Onun təkidi ilə köhnə mənzildən köçməsinin səbəbini söylədikdə Əkbərov onu arxasınca danışmadığına inandırmağa çalışıb və bununla yanaşı ünvanına söyüş söyüb.
Zərərçəkmiş şəxsin hüquqi varisi hadisə barədə Nərimanov RPİ-dən məlumat veriləndən sonra xəbər tutduqlarını bildirib, onlara məlumat verilib ki, Rahib birlikdə kirayədə yaşamış Yasin Hüseynov tərəfindən öldürülüb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
C.H.
www.oxu.az