Dünən gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin iki əməkdaşının bıçaqlanması ilə bağlı cinayət işi açılıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı AzNews.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov verib.
Onun sözlərinə görə, cinayət törətmiş şəxslərin axtarışı davam edir:
“Hadisəni törədənlərin qanunvericilik qarşısında cavab verməsi istiqamətində tədbirlər həyata keçirilir. Bədən xəsarəti alan polis əməkdaşları isə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin normallaşması üçün həkimlər çalışır”.
Qeyd edək ki, dünən gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin iki əməkdaşı naməlum şəxs tərəfindən bıçaqlanıb. Hadisə Binəqədi rayonu ərazisində baş verib. Məlumata görə, yol polislər 10 YP 442 və 10 YP 383 nömrəli avtomobillə xidmət aparan Nicat Bayramov və Yasin Umudov nömrə nişanı məlum olmayan “Nissan ” markalı avtomobilin sürücüsü tərəfindən bıçaqlanıblar. Onların biri belindən, digəri isə qolundan yaralanıblar. Hər iki polis əməkdaşı Kliniki Tibbi Mərkəzə yerlədirilib.
11:15
Bakıda yol polisləri bıçaqlanıb.
Oxu.Az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonunda baş verib. Cəfər Xəndan küçəsində xidməti vəzifəsini yerinə yetirən zaman Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, 2 polis inspektoru naməlum şəxslərin hücumuna məruz qalıb. Nəticədə polis baş serjantı Nicat Bayramov və polis kiçik serjantı Yasin Umudov bıçaqlanıblar və ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə gətiriliblər.
İlkin araşdırmalardan sonra hər iki yol polisi əməkdaşının “Nissan” markalı avtomobildə olan şəxslər tərəfindən bıçaqlanması məlum olub. Bəlli olub ki, avtomobil Bakı şəhər sakini Ağayev İlham Əbülfət oğlunun adına qeydiyyatdadır.
Faktla bağlı cinayət işi açılıb. Yol polislərini bıçaqlayan şəxslər axtarılır.