Ötən gün həbs edilən Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu apellyasiya şikayəti verib.
Bunu “Report”a onun vəkili Zibeydə Sadıqova deyib.
Müdafiəçi bildirib ki, şikayət Nərimanov Rayon Məhkəməsinə təqdim edilib:
“Nərimanov Rayon Məhkəməsinin müvəkkilim barəsində çıxardığı qərarla razılaşmırıq. Qubad İbadoğlunun tezliklə həbsdən azad olunmasını istəyirik”.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan informasiya əsasında Azərbaycanda FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılıb.
Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir.
Siyasətçi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Rəylər