Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Sabunçuda binada iki nəfərin öldüyü partlayışa görə təqsirləndirilən mənzil sahibinə hökm oxunub
Bakı şəhərinin Sabunçu rayonunda keçmiş məcburi köçkünlərin məskunlaşdığı binada iki nəfərin ölümü ilə nəticələnən partlayışa görə təqsirləndirilən Rima Ağalarovanın cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Dövlət ittihamçısı çıxış edərək Rima Ağalarovanın üç il müddətinə müəyyən vəzifə tutmaq səlahiyyətindən məhrum edilməklə, yeddi il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Məhkəmənin hökmünə əsasən, Rima Ağalarovaya iki il müddətinə müəyyən vəzifə tutmaq səlahiyyətindən məhrum edilməklə, beş il müddətinə cəza təyin olunub. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə 2023-cü ilin mayında Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Qaz sızmasından baş verən partlayış nəticəsində 26 yaşlı Elnur Əsgərov və 23 yaşlı İlahə Qarayeva ölüblər. Bir neçə nəfər xəsarət alıb.
Mənzil sahibi Rima Ağalarova cinayət məsuliyyətinə cəlb edilib və ona qarşı Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs barəsində ilkin istintaq dövrü müddətində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 19 nəfər bina sakini zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslə zərərçəkmişlər arasında barışıq əldə olunub.
Rəylər