Dekabrın 16-da saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində həyətyanı sahədə yerə basdırılmış soyuducuda bədəni üzərində zorakılıq əlamətləri olan 1988-ci il təvəllüdlü Seyidov Əli Səfər oğlunun meyiti aşkar edilib.
Baş Prokurorluqdan Oxu.Az-a daxil olan məlumata görə, rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir.
Dekabrın 17-də əvvəllər məhkum olunmuş, 1981-ci il təvəllüdlü Səmədov Hafiz Feruz oğlu Sabunçu RPİ-yə könüllü gələrək Ə.Seyidovu öldürməsini etiraf etmiş və o, şübhəli şəxs qismində tutulmuşdur.
İstintaqla müəyyən edilmişdir ki, 10 dekabr 2014-cü il tarixdə H.Səmədov tanışı Ə.Seyidovla Ramana qəsəbəsində kirayədə yaşadığı yeni tikilidə birlikdə narkotik vasitə qəbul edərkən şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranmışdır.
Mübahisə zamanı H.Səmədov Ə.Seyidovun baş nahiyəsinə dəmir boru ilə sifət və boyun nahiyyələrinə xəsarət yetirərək qəsdən öldürmüş, sonra isə onun başına selofan torba keçirib boyun və ayaqlarını yapışdırıcı lentlə bağlayıb meyiti evdə olan soyuducunun içərisinə yerləşdirərək, “Qazel” markalı avtomobillə qonşuluqda yeni kirayə tutduğu evin həyətyanı sahəsində basdırmışdır.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
11:39
Bakıda törədilən dəhşətli qətlin üstü açılıb.
Oxu.Az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmyerlisini öldürərək Ramana qəsəbəsindəki həyətlərdən birində torpağa basdıran şəxsin Masallı rayon sakini, 1981-ci il təvəllüdlü Hafiz Səmədov olduğu müəyyən edilib və o saxlanılıb.
H. Səmədov ilkin ifadəsində həmyerlisi, Əli Seyidovu borca görə öldürdüyünü, meyitini isə soyuducuya qoyaraq yaxınlıqdakı həyətlərdən birində basdırdığını etiraf edib.
Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, ötən gün Ramana qəsəbəsi Şuşa şəhərciyindəki evlərdən birinin həyətyanı sahəsində torpağa basdırılmış kişi meyiti aşkarlanıb.
Araşdırmalar zamanı qətlə yetirilən şəxsin, polisdə itkin düşmüş şəxs kimi axtarışda olan, Masallı rayon sakini 1988-ci il təvəllüdlü Əli Səfər oğlu Seyidov olması müəyyən edilib.
10:54
Dekabrın 16-da Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Sabunçu rayon Polis İdarəsindən bildiriblər.
Xəbər verildiyi kimi, saat 17.55-də Ramana qəsəbəsində “Südçülük” sovxozunun ərazisində 1976-cı il təvəllüdlü Məmmədov Arif Əliaslan oğlunun evinin həyətində Əli Seyidovun cəsədi tapılıb. Qatil qurbanı izolyasiya lenti ilə sarıyaraq, başına sellofan paket keçirib və onu soyuducunun içinə qoyaraq evin həyətində basdırıb.
Məlumata əsasən, qətlə yetirilən şəxsin bədənində tibbi-məhkəmə ekspertizası tərəfindən deşik-kəsik yaraları aşkar olunub. Bundan başqa, Seyidovun boynu və qabırğaları sındırılıb.
Seyidov Xətai rayon sakini olub. Dekabr ayının 13-də Xətai rayon Polis İdarəsi tərəfindən itkin düşmüş kimi axtarışa verilib.
Qətl faktı üzrə cinayət işi açılıb. Şübhəli qismində saxlanılan yoxdur.