Bakıda məclislərə qəzəlxan kimi gedən şəxs oğurluqda şübhəli bilinir.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, paytaxt sakini Suraxanı Rayon Polis İdarəsinə mənzilinin qarət olunması ilə bağlı müraciət edib.
Əməliyyat-axtarış tədbirlərinə başlayan polis şübhəli şəxs qismində 34 yaşlı Elməddin Nagimovu saxlayıb.
İdarəyə gətirilərkən qəzəlxan əməlini etiraf edib. O, cinayətə səbəb kimi son vaxtlar toylara dəvət almaması ilə əlaqələndirib.
Qəzəlxan kimi tanınan Elməddin Nagimovun ətrafında araşdırma aparan polis müəyyən edib ki, bu onun ilk cinayət əməli deyil. Elməddin Nagimov bundan başqa üç evdən pul, qızıl əşyaları və qaz sayğacı, habelə Bakı şəhər sakini olan bir qadının içərisində 500 manat pul və ərzaq məhsulları olan çantasını oğurlamaqla dörd cinayət törədib.
Polisdən onu da bildiriblər ki, Elməddin Nagimovun digər cinayətlərdə iştirakı istisna olunmur. Faktla bağlı onun barəsində Suraxanı rayon polis idarəsində oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb, istintaq gedir.
S.B.
www.oxu.az