Danimarkanın Orhus Universiteti və Mosqord Muzeyinin arxeoloqları torpaq qatlarında görünməyən artefaktları axtarmaq üçün yeni, ucuz bir kamera hazırlayıblar. LED ekran və "Raspberry Pi" mikrokompüterindən istifadə edən cihaz tarixi yerləri məhv etmədən torpaq təbəqələrini ayırd etməyə və qədim qalıqları tapmağa kömək edir.
Oxu.Az xəbər verir ki, bu yeni kəşf barədə "Journal of Archaeological Science" nəşrində məlumat dərc olunub.
Yeni cihaz qazıntı sahəsini ultrabənövşəyi şüalardan tutmuş yaxın infraqırmızı diapazona qədər 16 müxtəlif dalğa uzunluğu ilə işıqlandırır. Bu texnologiya sayəsində insan gözünün görə bilmədiyi torpaq təbəqələri arasındakı fiziki fərqləri və materialların parıltısını müəyyən etmək mümkündür. Sistem Danimarkanın Bornholm adasında yerləşən və Dəmir dövrünə aid "Sorte Müld" yaşayış məskənində sınaqdan keçirilib. Oradakı torpaq yüksək orqanik tərkibə malik olduğu üçün bircinsli qara rəngdədir. Yeni texnologiyanın köməyi ilə tədqiqatçılar qazıntı prosesi zamanı gizli təbəqələri fərqləndirə və qədim sümük parçalarını üzə çıxara biliblər.
Mosqord muzeyinin arxeoloji İT şöbəsinin əməkdaşı və tədqiqatın aparıcı müəllifi Devid Stott bildirib ki, sistemin parıltını qeydə alma bacarığı qazıntı yerində nümunələrin seçilməsi üçün əvəzsiz ola bilər: "Çünki bu, DNT və zülalların yaxşı qorunmasının etibarlı göstəricisi sayılan kollagenin mövcudluğunu göstərir".
Adətən arxeoloqlar torpaq qatlarının sərhədlərini müəyyənləşdirərkən vizual baxışa əsaslanırlar. Lakin orqanik "qaranlıq torpaqlar" adlandırılan sahələrdə bu metod öz səmərəsini itirir. Standart hiperspektral kameralar həm çox bahadır, həm də aşağı ayırdetmə qabiliyyətinə malikdir ki, bu da onların çöl şəraitində geniş istifadəsinə mane olur. Alimlər tərəfindən inkişaf etdirilən bu yeni sistem isə analoqlarından təxminən 20 dəfə ucuz başa gəlir və məlumatları demək olar ki, real vaxt rejimində - bir kadr üçün təqribən beş dəqiqə ərzində emal edir.
Gələcəkdə bu portativ avadanlıq tədqiqatçılara torpağın hansı hissələrinin daha mürəkkəb laboratoriya analizlərinə göndərilməsi barədə daha dəqiq qərarlar qəbul etməyə imkan verəcək. İşin müəlliflərinin fikrincə, texnologiyanın sonrakı inkişafı mürəkkəb arxeoloji abidələrin sirlərini açmağa və qədim yaşayış məskənlərinin öyrənilməsi metodlarını təkmilləşdirməyə kömək edəcək.