Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Əfqanıstanda qəzaya uğrayan və təkcə rusiyalı sərnişinlərin öldüyü təyyarədə 1,2 milyon dollar müəmması - FOTO
Əfqanıstanda qəzaya uğrayan Rusiyaya məxsus “Falcon-10” təyyarəsindən 1,2 milyon ABŞ dolları (təqribən 2 milyon manat) oğurlanıb.
Bu barədə yerli mənbələrə istinadən “Hasht e Subh” qəzeti məlumat yayıb.
“Etibarlı mənbələr qəzetə bildiriblər ki, bu qədər pul oğurlandıqdan sonra “Taliban” hökumətinin Bədəxşan vilayəti üzrə qubernatoru Məhəmməd Əyyub Xalid baş nazirin müavini Məhəmməd Həsən Axundun göstərişi ilə faktları müəyyən etmək və məsələni araşdırmaq üçün komissiya təyin edib”, - deyə nəşrdə bildirilib.
Mənbələrin məlumatına görə, qəza yerinə ilk gələn qrup “Taliban” silahlı qüvvələrinin baş qərargah rəisi Kari Fasihuddin Fitratla əlaqəlidir.
Hələlik “Taliban” və ya Rusiya hakimiyyətindən heç bir şərh verilməyib.
Xatırladaq ki, yanvarın 20-də Qaya (Hindistan) - Daşkənd (Özbəkistan) - Jukovski (Rusiya) marşrutu üzrə çarter təcili yardım reysi həyata keçirən sərnişin təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. İlkin məlumatlara görə, hadisə texniki nasazlıq - hər iki mühərrikin sıradan çıxması nəticəsində baş verib.
Rusiya Tur-operatorları Assosiasiyasının (ATOR) məlumatına görə, biznes-jetin göyərtəsində dörd ekipaj üzvü (ikisi tibb işçisi) və iki sərnişin - Volqodonskdan (Rusiya) “bazarlar kralı” Anatoli Yevsyukov və xanımı Anna olublar. Onlar ötən il dekabrın ortalarından Tailandda istirahət ediblər. Qadın orada ağır xəstələnib və Pattayadakı klinikalardan birində müalicə olunub. Daha sonra onun Rusiyaya aparılmasına qərar verilib. Qəza nəticəsində cütlük həlak olub, təyyarədə olan dörd heyət üzvü isə müxtəlif bədən xəsarətləri alıb.