Avstraliyada qeyri-adi yol nəqliyyat hadisəsi baş verib. Kenquru yol kənarındakı kolluqdan çıxaraq velosipedçi xanımın üstünə hoppanıb. Hadisə Avstraliya paytaxtının mərkəzi küçələrinin birində baş verib.
Oxu.Az xəbər verir ki, insident velosipedə quraşdırılmış videokameranın obyektivinə düşüb. Qəzanın iştirakçısı olan xanım Bronvin Kalver videonu YouTube-a yerləşdirib.
Onun sözlərinə görə, o, velosiped yolu ilə gedirdi. Elə bu zaman kolluqdan kenquru çıxıb, velosipedi yerə yıxıb və daha sonra yolun hərəkət istiqamətinə doğru qaçıb.
“Mən kiçik xəsarətlər aldım, heç bir yerim sınmayıb. Yalnız dirsəyim zədə alıb, bud hissəm və dizim siyrilib. Mənə səkkiz tikiş qoyulub”, Bronvin Kalver deyib.
Onun sözlərinə görə, kenquru üçün vəziyyət daha ağır nəticələnib. Yola çıxan kenquru maşın altına düşüb və çox güman ki, ölüb. Hadisə yerində dörd maşın velosipedçi xanıma kömək etmək üçün dayanıb.
Bronvin Kalver yerli jurnalistlərə deyib ki, kolluqlardan sürətlə sıçrayan kenqurunu görə bilməyib və böyrü üstə yıxılıb.