"Ədəbiyyat üzrə 50 min manat məbləğində dövlət mükafatının təsis olunması çox cazibədar ideya və çox yaxşı layihədir".
Bunu 2026-cı ildə Azərbaycan Kitab Mükafatının elan olunacağı ilə bağlı Oxu.Az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid bildirib.

O qeyd edib ki, bu mükafat həm də ədəbiyyat adamlarına ciddi bir diqqətin göstəricisi olacaq.
"Mədəniyyət Nazirliyinin rəsmiləri hesab edirlər ki, bu mükafat dövlətin ədəbiyyat sahəsində ən yüksək mükafatı olacaq. Layihəni çox bəyənirəm və alqışlayıram. Sonradan yarana biləcək narazılıqlara gəlincə, əlbəttə ki, əvvəlcədən müzakirələr aparılsa da, fikir ayrılıqları qaçılmazdır. Layihədə proses belə nəzərdə tutulur: əvvəlcə ilk onluq, sonra isə qısa siyahı - beşlik elan olunacaq.
Təbii ki, bunun ətrafında cəmiyyətdə müzakirələr gedəcək. Kitaba marağın artırılmasında bu mükafatın mühüm rolu olacağını düşünürəm. Bu, hələlik layihə mərhələsindədir və arzu edirəm ki, reallaşsın. Hesab edirəm ki, ədəbiyyat adamları bu prosesdə fəal şəkildə iştirak edəcəklər.
Sonda yarana biləcək umu-küsü məsələsinə gəlincə, bu məsələ elə təqdimat zamanı da səsləndi. Gənc yazarlar da fikirlərini bildirdilər. Düzü, mən də mükafatın olması ilə bağlı deyilənlərə bir qədər təəccübləndim. Nazirliyin nümayəndələri bildirdilər ki, bu mükafat ölkədə ən yüksək ədəbiyyat mükafatı olacaq - belə arzu edilir, belə təklif olunur və belə nəzərdə tutulur. Təki reallaşsın.
Əlbəttə, belə bir mükafatın olması ölkəmiz üçün vacib və lazım idi. İndiyə qədər müxtəlif müsabiqələr, mükafatlar olub və hər müsabiqədə mükafatlandırma ərəfəsində narazı qalanlar, şübhəsiz ki, ortaya çıxır. Düşünürəm ki, bu da təbii bir prosesdir. Əsas məsələ - ədəbiyyata marağın və diqqətin artırılması, dəyərli ədəbiyyat adamlarının mükafatlandırılmasıdır ki, bu da son dərəcə vacibdir", - deyə R.Məcid vurğulayıb.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında yazıçı Şərif Ağayar bildirib ki, mükafatın ilkin müzakirələrində özü də iştirak edib:

"Bir çox təkliflər vermişik və həmin təkliflərin əksəriyyəti nəzərə alınıb. Bu modeli, demək olar ki, yeni dövrün bir neçə yazarı olaraq, biz təklif etmişik. Təşəbbüsü alqışlayıram.
Hesab edirəm ki, mükafat fondunun yüksək olması ədəbiyyata verilən dəyərin göstəricisidir. Şübhəsiz ki, gəncləri həvəsləndirəcək, yazmaq üçün motivasiya yaradacaq. Mükafatın şərtləri də çox sivil və müasir dünya modelinə uyğundur. Ancaq o vaxt müzakirələrdə də demişəm, indi də təkrarlayıram: ən vacib məsələ - müsabiqədə obyektivliyin qorunmasıdır. Çünki mükafat fondu nə qədər yüksək olsa da, obyektivlik qorunmasa, layihə elə ilk yarışdaca nüfuzdan düşəcək. Bu səbəbdən obyektivlik mütləqdir. Bizdə, Azərbaycanda əsas problem də məhz budur. Sovet ənənələrindən qalan tanış-bilişlik, vəzifə amili, "adamın adamı" məsələləri uzun illərdir nüfuzlu mükafatlara kölgə salır və müsabiqələrin etibarına zərər vurur. Arzulayıram ki, Mədəniyyət Nazirliyi ən əsas məsələ olan obyektivliyi qoruya bilsin və dəqiq qiymətləndirmə aparsın - qalan hər şey asandır. Mükafat da gözəldir, şərtləri də yaxşıdır, ədəbiyyatın inkişafına ciddi motivasiya verə biləcək bir layihədir.
Artıq sosial şəbəkələrdə qələm adamlarının reaksiyalarından görürəm ki, motivasiya var. Bizim millət bir az da pulsevərdir, buna görə də yazmağa həvəs yaranır. Təbii ki, söhbət yalnız pula görə yazmaqdan getmir. Mükafat, sadəcə, insanı həvəsləndirir.
Məsələn, əlində bir roman olur, amma bitirmək üçün motivasiya tapmırsan - satış zəifdir, bilirsən ki, xüsusi qazanc olmayacaq, ya da heç nə qazanmayacaqsan. Birdən belə bir mükafat təsis olunur, sən də, əlbəttə ki, romanı tezliklə tamamlayıb təqdim etməyə çalışırsan.
Yenə deyirəm, ən vacibi - layihəyə inanmaqdır. Mən, məsələn, yalnız inandığım və obyektivliyinə əmin olduğum halda əsər təqdim edərəm müsabiqələrə. Əmin olsam ki, burada obyektivlik var, nələrsə təqdim edərəm.
Yeri gəlmişkən, bundan öncə bu mükafatın sələfi sayılan "Qızıl Kəlmə" mükafatını mən nazirlikdən almışam - "Arzulardan sonrakı şəhər" romanıma görə. Səhv etmirəmsə, bu mükafatı mən 2020-ci ilin "Ən yaxşı roman" nominasiyasında qazanmışdım. Düzdür, insanlar mükafatı alanda obyektiv, almayanda qeyri-obyektiv hesab edirlər, amma bu da subyektiv yanaşmadır. Ümumilikdə, kənardan baxanda görmək olur ki, prosesdə doğruluq, dürüstlük, halallıq var, ya yoxdur.
Azərbaycanda, əsasən, dövlət qurumlarının və ya təşkilatların keçirdiyi ədəbiyyat müsabiqələrinin çoxunda dediyim "adamın adamı", tapşırıq, nüfuzlu, vəzifəli şəxslərin təsiri kimi hallar önə keçir. Biz bunu həmişə görmüşük. Arzulayıram ki, bu layihədə görməyək. Bunun üçün Mədəniyyət Nazirliyi möhkəm dayanmalı, təsis etdiyi mükafatın nüfuzunu qorumalıdır ki, ayrılan 50 min manat da havaya getməsin", - deyə Ş.Ağayar vurğulayıb.
Müsabiqədə qalib olacaq əsərləri seçəcək insanların nüfuz və obyektivliyi məsələsinə gəlincə, Şərif Ağayar bildirib ki, adətən, ekspertlər şurası olur, sonra münsiflər heyəti formalaşır.
"Yəqin ki, ictimai sektordan yaradıcı insanlar həmin heyətlərdə yer alacaqlar. Amma məsələ bunda deyil - qrup da, komissiya da yaradılır. Əsas məsələ təşkilatçının özündədir. Təşkilatçı istəsə, müsabiqə obyektiv keçir, istəməsə, yox. Əsas məsələ budur. Təşkilatçıya kənardan təsir göstərilməsə, o, müsabiqəni obyektiv təşkil edə bilər", - deyə yazar bildirib.
Müsabiqəyə qatılacaq şəxslərin yaş məsələsinə gəlincə, Ş.Ağayar hesab edir ki, yaş məhdudiyyəti olmamalıdır:
"Kiməsə necə deyə bilərsən ki, sən yaşlısan, yazma və ya sən cavansan, yazma? Təcrübənin çoxluğu və azlığından asılı olmayaraq, əsas olan təqdim edilən əsərin keyfiyyətidir".
Qeyd edək ki, bu gün Mədəniyyət nazirinin müavini Fərid Cəfərov gənc yazarlarla görüşündə 2026-cı ildə Azərbaycan Kitab Mükafatının elan olunacağını bildirib.
Bildirilir ki, mükafat Prezident fərmanı ilə təsdiq ediləcək. Mükafat laureatı bir nəfər olacaq. Qalibə 50 min manat pul mükafatı, diplom, döş nişanı təqdim olunacaq. Qalib olan kitab 3 000 tirajla çap olunacaq, iki ölkədə yayımlanacaq, dörd dilə tərcümə ediləcək və satışı təmin ediləcək. Satışdan gələn gəlir isə bütövlükdə müəllifə ödəniləcək.
Əzizə İsmayılova